“Qarabağ” Zaur Ramazanovu transfer edib
09.08.2008 - 13:21
“Qarabağ” Zaur Ramazanovu transfer edib
Bakı. Elşən Məmmədov – APA-Sport. Azərbaycan kubokunun son sahibi - “Xəzər-Lənkəran” klubu hücumçu Zaur Ramazanovla yarımmüdafiəçi Mahir Şükürovu yenidən transferə çıxarıb. “APA-Sport”un məlumatına görə, artıq Z. Ramazanov özünə yeni komanda tapıb. 30 yaşlı futbolçu Ağdamın “Qarabağ” klubu ilə müqavilə bağlayıb. Təcrübəli forvardın bu gün start götürəcək Azərbaycan Premyer Liqasının açılış oyununda Tofiq Bəhramov adına Respublika stadionunda “Bakılı” ilə qarşılaşacaq “Qarabağ”ın heyətində debüt edəcəyi gözlənilir. Bu görüşdə ağdamlıların heyətində adı açıqlanmayan daha bir tanınmış futbolçunun yer alacağı bildirilir.

Qeyd edək ki, Z. Ramazanov 2004-cü ilin yayında də “Qarabağ”la bir illik müqavilə bağlayıb. Lakin az sonra Ağdam klubu ilə anlaşmasını pozan forvard Yevlaxın “Karvan” komandasına keçib və həmin mövsüm ölkə çempionatının bombardiri olub. Daha sonra “Xəzər-Lənkəran” tərəfindən transfer edilən hücumçu cənub komandasının heyətində Azərbaycan çempionluğunu və kubokunu, eləcə də “MDB və Baltikyanı ölkə çempionlarının Birlik kuboku”nu qazanıb.
0