“Torpedo” Axtyamovu transferə çıxarıb
11.12.2008 - 11:01
“Torpedo” Axtyamovu transferə çıxarıb
Azərbaycan yığmasının sabiq hücumçusu Daniel Axtyamov transferə çıxarılıb. Apasport.az saytının məlumatına görə, Moskvanın “Torpedo” klubu ilin əvvəlində transfer etdiyi 23 yaşlı futbolçumuzla yollarını birdəfəlik ayırmağa qərar verib.

Rusiya çempionatının birinci divizionunda çıxış edən “Torpedo”nun əsas heyətində möhkəmlənə bilməyən Daniel yayda “transfer pəncərəsi” açılan zamanı “Şeksna”ya icarəyə verildi. Bununla, mövsümün ikinci yarısını Rusiya çempionatının ikinci divizionunda keçirməli olan Axtyamov yeni komandasının heyətində meydana çıxdığı 10 oyunda 2 qola imza atıb. Mövsüm bitəndən sonra “Torpedo”ya qayıdan hücumçu yenidən ikinci divizionda çıxış etməli idi ki, buna da səbəb moskvalıların birinci dəstədə yerini qoruya bilməməyidir. Ancaq klubdaxili toplantı keçirən və “Torpedo”nun dağılmayacağını bəyan edən rəhbərlik transferə çıxardığı futbolçular arasında Danielin də adını göstərib.

Qeyd edək ki, Axtyamov Bakının “İnter” klubundan keçdiyi “Torpedo”da 15 oyunda 2 qol vurub. Futbolçunun Moskva təmsilçisi ilə müqaviləsinin başa çatmasına bir ildən artıq müddət qalıb.
0