“Kazinoda 3 aya 300 min dollar uduzdum”
18.02.2009 - 12:26
“Kazinoda 3 aya 300 min dollar uduzdum”
“İki dəfə ailə qurmuşam. İlk həyat yoldaşımdan boşandıqdan az sonra futbolçu karyeram da başa çatdı. Beləliklə, həyatımda boşluq yarandı. Elə həmin ərəfədə bir oteldə kazino açıldı. Oranın müdiri dostum idi. Günlərin birində məni ora çay içməyə dəvət etdilər. Çay içmək məqsədilə kazinoya getdim və düz 3 ay dayanmadan qumar oynadım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə yığmasının və “Fənərbaxça”nın sabiq futbolçusu Rıdvan Dilmən deyib.

“Fənərbaxça”nın əfsanəvi hücumçusu Türkiyə mətbuatına verdiyi müsahibədə həyatının ən arzuolunmaz məqamlarına toxunub. Dilmən kazinoda uduzduğu pulun məbləğini də açıqlayıb: “Kazinoda 3 aya 300 min dollar uduzdum. Buna görə də hamı məni qumarbaz kimi tanıyırdı”.

O, qumarı necə atmasını belə nəql edib: “Bir gün oturmuşdum, yenə qumar oynayırdım. Birdən kimsə çiynimə toxundu. Gördüm ki, kazinonun rəhbəri Sudi Özkandır. Oynamaq üçün aldığım jetonları əlinə götürdü, bunların pulunu mənə qaytardı və dedi: “Oğlum, bu pulları asan qazanırsan? Al bu pulu, get və bir daha gəlmə”. Mənə uzatdığı 600 dolları almadım, kazinonun işçisinə verdim və oranı tərk etdim. Bununla da, bir daha ayağımı kazinoya basmadım”.

Qeyd edək ki, Rıdvan 11 yaşında atasını itirib və yetimliklə böyüyüb. Buna baxmayaraq, o, çətinliklə də olsa, futbol məşqlərini davam etdirib və Türkiyədə məşhur futbolçuya çevrilib. 1995-ci ildə, 33 yaşında ikən karyerasını bitirən Dilmən daha sonra keçmiş klubu “Fənərbaxça”da baş məşqçi vəzifəsinə təyinat alıb. Məşqçilik karyerası uğursuz alınan Rıdvan hazırda futbol şərhçisi qismində çalışır.
0