“İstəyirəm ki, klublarımızın nəzdində çimərlik futbolu komandaları fəaliyyət göstərsin” - MÜSAHİBƏ
29.04.2009 - 14:58
“İstəyirəm ki, klublarımızın nəzdində çimərlik futbolu komandaları fəaliyyət göstərsin” - MÜSAHİBƏ
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi Emil Cabbarovun AFFA-nın rəsmi internet saytına müsahibəsi

- Bu yaxınlarda keçirdiyiniz təlim-məşq toplanışı haqqında məlumat verməyinizi istərdik...
- Bu toplanışı keçirməkdə məqsədimiz heyəti bir qədər də genişləndirmək idi. Çünki indiki oyunçuların hamısı köhnə heyətdən qalanlardır. Komandada heç bir dəyişiklik baş verməmişdi, gənc futbolçu yox idi. Bu səbəbdən də Mərdəkanda toplanış keçirməyi qərara aldıq və bəzi yeni futbolçuları dəvət edib sınadıq. Toplanışa futzaldan xeyli oyunçu çağırmışdıq. Onlardan yalnız Zaur Əliyev və Rafael Abdulov komandada qaldılar. Digər futbolçuların xidmətindən imtina etməli olduq. Çünki çimərlik futbolu böyük futbol və futzalla müqayisədə tam fərqlidir.

- Futzaldan dəvət etdiyiniz oyunçular ümidləri doğrulda bildilərmi?
- Tək futzaldan deyil, böyük futboldan da oyunçular dəvət etmişdik. Futzala gəldikdə, “Araz”dan 3 oyunçuya dəvət göndərmişdik. Bildiyiniz kimi, futzal üzrə yığma komandamız Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Yığmanın braziliyalı baş məşqçisi həmin oyunçular üçün xüsusi məşq planı hazırlayıb. Buna görə də o futzalçılar toplanışa qatılmadılar. Onların mayın sonunda çimərlik futbolu üzrə yığma komandanın düşərgəsinə qoşulacaqları gözlənilir.

- Ancaq Rizvan Fərzəliyevlə Seymur Məmmədovun adı Rusiyaya aparılan futbolçuların siyahısına daxil edilib...
- Hər iki futzalçı çimərlik futbolunda çıxış edib və müəyyən qədər təcrübələri var. Düzdür, onlar da son toplanışda çıxış etməsələr də, Rusiyaya aparılacaq. Yəni, heyətə yeniləri cəlb edərək komandanı gücləndirməyə çalışırıq.

- Çimərlik futbolu üzrə ölkə çempionatı keçirilmir. Toplanış zamanı futbolçuların hazırlığında geriləmə müşahidə olunurmu?
- Qışda yoxlama oyunları keçirmək mümkün deyil. Yəni, komandada problemlər olsa da, bunları yoluna qoymağa çalışırıq.

- Rusiyada keçiriləcək təlim-məşq toplanışı barədə nə deyə bilərsiniz?
- Orada fiziki hazırlıq üzərində işləyəcəyik. Soçidə olduğumuz müddətdə bir neçə yoxlama matçında gücümüzü sınayacağıq. Burada rəqib tapa bilmirik. İkitərəfli oyunla da komandadakı çatışmazlığı tam müəyyənləşdirmək, eləcə də oyun təcrübəsini artırmaq mümkün deyil. Sparrinq-rəqiblərdən artıq məlum olanı var. Rusiya yığmasıyla qarşılaşacağıq. Onlar Avropada reytinq üzrə ikinci, dünyada isə dördüncüdürlər. Birinci pillədə isə Portuqaliya məskunlaşıb. Bundan başqa, Anapa şəhərində klublar arasında Rusiya kuboku uğrunda yarış keçiriləcək və 8 ən güclü komanda iştirak edəcək. Onlarla da qarşılaşmağı planlaşdırmışıq. Bu toplanışdan sonra hansı problemlərimizin olduğunu müəyyənləşdirib, mayın 31-dən iyunun 7-dək İspaniyada keçiriləcək dünya çempionatının seçmə mərhələ oyunlarına hazırlaşacağıq.

- Neçə oyun keçirməyi düşünürsünüz?
- Ən azı 5 oyun. Onlardan üçünü Rusiya yığmasına qarşı keçirəcəyik. Hərçənd onlar bizimlə 6 matç keçirmək istəyir. Ancaq biz üçünə razılıq vermişik. Məncə, eyni rəqiblə 6 oyun keçirmək mənasızdır. Anapaya gələcək klublarla 2 matç keçirsək, kifayətdir. Oradakı vəziyyətdən asılı olaraq bu say dəyişə bilər. Bu oyunlarda taktiki gedişlər üzərində çalışacağıq. Ola bilsin, gün ərzində 2 matç da keçirdik.

- Əldə etdiyimiz məlumata görə, yayda bölgələrdə çimərlik futbolu üzrə yarışlar təşkil ediləcək…
- Belə plan var. Lənkəranda, Nabranda, Sumqayıtda meydançalar hazırlamaq üçün federasiya rəsmiləri bu bölgələrdə olur, danışıqlar aparırlar. Bununla həm də kütləviliyə nail olmaq istəyirik. Çimərlik futbolunda uğur qazanmaq şansımız çoxdur. Üstəlik, bu idman oyununda böyük xərc də tələb olunmur.

- Siz həm də Rusiyanın “Delta” klubunda işləyirsiniz. Yığmadakı işinizlə əlaqədar daim Bakıda qalmağınız sizə mane olurmu?
- “Delta”da məsləhətçi kimi çalışıram. Ehtiyac olanda telefon və ya internet vasitəsi ilə məsləhətlərimi çatdırıram. Əsas iş yerim yığmadır. Sentyabrın 1-nə qədər müqaviləm var.

- Azərbaycanda çimərlik futbolunun inkişafı ilə bağlı başqa nə kimi layihələriniz var?
- Əsas işimiz daxili çempionatın keçirilməsinə nail olmaqdır. Yığmanın oyunçuları bu gün ya futzalda, ya da böyük futbolda çıxış edirlər. Klub yoxdur, daxili çempionat keçirilmir. Bəs yığmaya oyunçuları haradan seçək? Ona görə də bu problemi təcili həll etməliyik. Dünya çempionatının seçmə mərhələsi ilə əlaqədar vaxtımız azdır. Ancaq yayda bunu mütləq reallaşdıracağıq. Gələn il üçün seçim imkanlarımız geniş olacaq. Onda 15 nəfəri yox, 25-30 futbolçunu heyətə dəvət edəcəyik. Premyer Liqada çıxış edən klublarla da bu istiqamətdə danışıqlar aparılır. İstəyirik ki, onların nəzdində çimərlik futbolu komandaları da fəaliyyət göstərsin. Avropada belədir. FİFA da bu sahədə kömək etmək üçün aparıcı klublara müraciət edib. “Mançester Yunayted” artıq belə bir komanda yaradıb və baş məşqçi postuna Erik Kantona gətirilib. Bu klubun, oyunçuları üçün də xeyirlidir. Çünki onlar fiziki hazırlıq sahəsində çətinlik çəkməyəcəklər. Rusiya, Ukrayna, Portuqaliya klubları daim yarışlarda çıxış edirlər. Yığmanın baş məşqçisi üçün də seçim imkanı asan olur.

- Seçmə mərhələ oyunlarına 1 ay qalıb. Necə düşünürsünüz, yığmanı istədiyiniz kimi hazırlaya biləcəksinizmi?
- Bunun üçün çalışırıq. Vaxtımız çox azdır. Oyunlara heç olmasa, 6 ay qalsaydı, bunu etmək olardı. İndi işləri qaçaraq görürük. Bilirsiniz, çimərlik futbolunun inkişafı böyük futbola və futzala da kömək edəcək. Çünki çimərlikdə oynayan bu futbolçular artıq hazır olacaqlar. Onlar böyük futbolda mövsümü birnəfəsə keçirəcəklər. Eyni zamanda, yeni nəslin yetişməsi baxımından da uğurlu olacaq. Dünya praktikasında da belədir. Məsələn, Braziliya, İspaniya, Portuqaliya kimi ölkələrdə ulduzlar çimərlik futbolundan çıxır. Fransa, Almaniya kimi ölkələrdə yayda çimərlik futbolu üzrə güclü turnirlər keçirilir. Peşəkar futbolçular orada oynamaqla, həm də fiziki hazırlıqlarını artırmış olurlar. Amma bizdə əksinədir. Klublar oyunçularını buraxmaq istəmirlər. Ümumiyyətlə, nədənsə bizdə çimərlik futbolundan qorxurlar. Baş məşqçilər futbolçularının zədələnəcəklərindən ehtiyat edirlər. Halbuki bunun xeyirli olduğunu onlar özləri də bilirlər. Belə olmasaydı, niyə futbolçuları dəniz kənarında kross qaçırdırlar. Bir misal çəkim. İskəndər Cavadov fiziki hazırlığının yaxşı olmasının uşaq vaxtı dəniz kənarında çoxlu futbol oynamasıyla bağlılığını bildirib. Və ya yığmanın da formasını geyinən Zeynal Zeynalov ötən yay çimərlik futbolunda oynadığına görə, cari mövsümdə fiziki hazırlıq baxımdan heç bir problem yaşamadığını deyib. Digər oyunçuları da çimərliyə cəlb etməyə çalışırıq. Təbliğatı gücləndirmək üçün televiziyaların xidmətindən yararlanacağıq. Mavi ekranlarda tez-tez çimərlik futbolu üzrə keçirilən oyunların nümayiş etdirilməsinəçalışacağıq. Bu sahədə işlər gedir. Bundan başqa, məşqçilər üçün seminarlar keçiriləcək. Görüləsi işlər çoxdur.
0