Rivaldo Elşən Qəmbərova nə deyib?
09.05.2009 - 23:11
Rivaldo Elşən Qəmbərova nə deyib?
“Neftçi” klubunun və Azərbaycan milli komandasının sabiq futbolçusu Elşən Qəmbərovun apasport.az saytına müsahibəsi

- Bildiyimizə görə, ABŞ-a gedirsiniz.
- Hə, orda dostum var, Olim Tellayev. Özbəkistanda oynadığım vaxtdan tanıyıram onu. 5-6 ildir ABŞ-da yaşayır. Çox çətinlikdə də olsa, bir illik viza aldım. Biletimi də artıq almışam. İyunun 3-də Bakı-İstanbul-Nyu-York hava reysilə yollanacağam. Bir ildən sonra isə viza müddətini uzadıb, 3-4 ABŞ-da qalacağam. Ola bilsin ki, orada həmişəlik qaldım.

- Dostunuz orada nə işlə məşğuldur?
- Şəxsi restoranı, biznesi var. Mən də Allahın köməyi ilə onun yanında yavaş-yavaş işə başlayacağam. Məni çoxdan yanına çağırsa da, getmirdim.

- Niyə?
- Hələ futbol oynamaq istəyirdim. Ancaq futbolçu gərək yaxşı komandada oynasın. 300-500 dollara oynayanda, onu da vaxtında almayanda, gərək futbolu buraxasan. Üstəlik, mənim kimi 36-37 yaşda.

- Son komandanız “Bakılı”nın zəif, maliyyə problemləri və birinci diviziona düşməyə əsas namizəd olması bilinirdi. Elə isə niyə bu kluba keçdiniz?
- Bu komandanın prezidenti Misir Əbilovu “Bakılı”da əvvəl oynadığım dövrdən tanıyıram. Meydanda nə qədər çalışsam da, tək heç nə alınmır. “Bakılı”nın futbolçuları yaxşıdır, çalışırlar. Ancaq futbolçuya vaxtında pul verməyəndə, ondan heç nə tələb etmək olmaz. Futbolçunun pulunu kim kəsirsə, heç vaxt çörək tapmaz. İki dəfə ayağım sınıb, iki dəfə başımdan zədə almışam. “Torpedo Zil”ə baxışa getsəm də, Belarus yığmasının qapıçısı Gennadi Tumiloviçlə mübarizə zamanı aldığım zədəyə görə komandaya düşə bilmədim. Polşada məni aldatdılar. Gənc olanda meydanda ürəyim da dayanıb. Yəni, futbolçu əziyyətlə pul qazanır. Futbolda gərək bəxtin olsun. Azərbaycanda da bəxtdən əlavə gərək adamın olsun ki, yaxşı komandaya düşəsən. Mən bunu açıq deyirəm.

- Sizin “Bakılı”da pulunuzu kəsiblər?
- Hələ pulumu tam verməyiblər. Deyə bilərəm ki, borc elə böyük deyil. Sadəcə, açıqlamaq istəməzdim. Məni “Muğan” da çağırırdı. “Standard”la görüşdə bəyənmişdilər, çox da pul verirdilər. Ancaq Əbilovla artıq danışdığımdan, başqa kluba getməyi kişiliyimə yaraşdırmadım. Sonra baxdım ki, alınmır.

- ABŞ-a getməyə tərəddüd etmirsiniz ki?
- Məndə qərib ölkəyə getməklə bağlı tərəddüd yoxdur. Gənc yaşlarımda Rusiyada, Özbəkistanda, Qazaxıstanda oynamışam. 15 yaşımda “Dəri top” yarışının qalibi, bombardiri olmuşam. Özbəkistanı da özümə doğma ölkə sayıram. Qayıtsam, ora dönəcəyəm. Çünki Daşkənd mənim üçün daha yaxşı olduğundan, orda yaşayacağam.

- Özbəkistanda sizə futbolçu, yoxsa insan kimi daha çox qiymət verirlər?
- Hər iki planda. Daşkənddə yaşayış şəraiti çox yaxşıdır. Orda Mənzil-İstismar Sahəsindən gəlib deyirlər ki, evini pulsuz təmir edirik. Deyirəm ki, lazım deyil. Dərhal bunu aktda yazırlar və bildirirlər, yazmasaq bizi işdən çıxararlar. Özbəkistanda autsayder komandada futbolçu 25-30 min dollar “podyomnı” alır. Aylıq maaş minimum 1000 dollardır, səviyyə qalxır.

- 1994-cü ildə “Turan”ın heyətində ABŞ-da turnirdə iştirak etmisiniz. Bu ölkə yadınızda necə qalıb?
- Bizi Arizona ştatına turnirə dəvət etmişdilər. Yaxşı oynadıq, 3-4 qol vurdum. Həmin vaxt “Turan”ı Kazbek Tuayev çalışdırırdı. Ələkbər Məmmədov da bizimlə getmişdi. Məni, Vidadi Rzayevi, Hüseyn Məhəmmədovu, İlham Məmmədovu bəyənmişdilər.

- Sizə dəvət göndərən konkret hansı komanda idi?
- Universitet klubu idi. Aylıq 3000 dollar demişdilər. Təsəvvür edin ki, həmin vaxt nə qədər böyük məbləğ idi. Neçə dəfə Bakıya faks gəldi. Bizə 3 gün vaxt vermişdilər. Dedilər ki, gəlməsəniz, Uruqvaydan futbolçu alacağıq. Elə də etdilər.

- “Turan”ın heyətində UEFA kubokunda “Fənərbaxça”ya qarşı hansı səbəbdən oynamadınız?
- “Turan”a Mahaçqalanın “Anji” klubundan gəlmişdim. Həmin vaxt sənədlərimdə problem yaranmışdı. Buna görə də Fuad Musayev mənə icazə vermədi.

- Meksikada yayılan “donuz qripi” ABŞ-a da keçib. Bu amil sizi qorxutmur ki?
- Yox. ABŞ-dan gələn dostum deyir ki, ora cənnətdir. İnsan gərək özünü gözləsin. Bir də ki, mən donuz əti yemirəm axı. Mənim kimi insanlar getdiyi yerə tez uyğunlaşır. ABŞ-dakı dostum məni öz yerinə işləməyə qoyacaq.

- Yəqin ki, biznes qurmaq fikrindəsiniz...
- Bəli. Gələcəkdə biznesmen olmaq, ailəmin güzəranını daha da yaxşılaşdırmaq istəyirəm. Menecer olmaq üçün gərək əlində yaxşı pul olsun. İnsan gərək halal işləsin, heç kimi aldatmasın. Orda da görürlər ki, yaxşı işləyirsən, maaşını 2-3 dəfə qaldırırlar. Uşaq futbolunda da işləyə bilərdim. Mahaçqalada Pedaqoji İnstitutu heç kimin köməyi olmadan bitirmişəm, məşqçilik diplomum var. Amma vəziyyəti təhlil etdim və orada çalışmağı daha məqsədəuyğun saydım. Orada minimum əmək haqqı 3000 dollardır. Baxıram ki, dostumun biznesi yaxşı gedir və çox qazanır. 5-6 ilə Daşkənddə üç mağaza, ev alıb. Hətta birinə mən kömək etmişəm.

- Uzun müddət Özbəkistanda oynamısınız. Həmin müddətdə orada şəxsi biznesinizi yaratmaq imkanınız olmayıb?
- Sözün düzü, mən 4-5 ilə iki-üç mağaza açmaq istəyirəm. Fikrim var idi ki, Daşkənddəki evlərimdən birini satıb, mağaza açım. Amma səfərə çıxdığım üçün alınmadı. İndiyədək Daşkənddə şəxsi biznesim olmasa da, üç evim, maşınım var. Qaldığım yer şəhərin mərkəzindədir. Üç otaqlı mənzilin dəyəri 40 min dollardır. Yəni, orada ev elə də bahalı deyil. Rusiyada da evim var. Orada oynadığım vaxt almışam.

- Gələcəyi fikirləşən, tədbirli insansız?
- Hələ qazandığımın 30 faizini xərcləmişəm. Hamısını etsəydim, indi rahat 1-2 milyon dollar pulum vardı. Həmin vaxt Bakıda ev, maşın aldım. Yenə Allaha şükür, nəsə var. Futbolçuların çoxları karyerasını bitirəndən sonra başlayır içməyə. Mən isə nə içirəm, nə də çəkirəm.

- ABŞ-da yaşamaq üçün ingilis dilini bilmək lazımdır. Bu, sizə problem yaratmayacaq?
- İngilis dilini öyrənmək üçün kurslara gedirəm. Heç kim inanmırdı ki, Elşən ABŞ-a gedə bilər. Doğrudan da çox çətindir. Bir tanışım vardı, 5 ildir ona viza vermirdilər. Mən isə əsas işi görmüşəm.

- Ailə üzvləriniz okeanın o tayına haçan gedəcək?
- İnşallah, bir-iki ildən sonra. İndi icazə vermədikləri üçün tək gedirəm. Ailəmi apara bilməsəm, geri qayıdacağam. Daşkənddə vəzifəli şəxslərindən biri dostumdur. O, mağaza və ya restoran açacağıma köməklik edəcəyinə söz verib. Özbəkistanda azərbaycanlılar çoxdur. Səmərqənddə yaşayan müğənni Nəsibə Abdullayeva şəxsi ilə tanışlığım var, tez-tez görüşürük.

- Qızınız Özbəkistan üzgüçülük yığmasına cəlb olunub...
- Bəli. Adı Şahzadədir, adını atam qoyub, 9 yaşı var. Milli komandaya cəlb olunub. Mənim kimi cəlddir. Mənim futbolda sürətim vardı, onun da suda (gülür). Su, üzgüçülük sağlamlıqdır. Biz də onu bu idman növünə apardıq. Yığma ilə təlim-məşq toplanışına getmişdi. Orda gimnastika da öyrədirlər, “şpaqat” açır. Dulusçuluğu da bacarır, hər gün 2-3 saat əl işləri ilə məşğul olur. Jurnalda şəkilləri çıxmışdı. Qızım Özbəkistanda anadan olub, ailəm indi orada yaşayır.

- Səhv etmiriksə, həyat yoldaşınız milliyətcə özbəkdir...
- Yox, tacikdir. Özbəkistanda oynadığım vaxt tanış olmuşam onunla. Amma toyumuzu Bakıda etmişik. Rəhmətlik Aqil Paşayev “Neftçi”nin prezidenti olanda, “Abşeron” mehmanxanasında düyün etməyimə şərait yaratdı. 1999-cu ildə “Srvena Zvezda” ilə oyundan əvvəl. Toyumu orada yarı qiymətə etdim. Mənə dedi ki, problem yoxdur. Ertəsi yanına gedib dedim ki, xeyli pul yığılıb. Cavab verdi ki, sən oyuna hazırlaş. Cavan oğlansan, mənə heç nə lazım deyil. Onun yaxşılığını unuda bilmərəm. Allah ona rəhmət eləsin.

- Deyəsən, “Bunedkor” klubunda oynayan məşhur futbolçu Rivaldo ilə görüşünüz olmuşdu...
- Hə, olub. Əslində, Braziliya və Azərbaycan milli komandaları arasında səviyyə fərqi böyükdür. Ancaq Rivaldo bunda problem görmədi və ingilis dilində mənə dedi ki, Azərbaycan yığması yaxşı komandadır. 7 uşağı var, Daşkənddə ona böyük bir ev tutublar.

- Bəyəm, Rivaldo yığmamızı görüb?
- Əlbəttə. O, Azərbaycanı da tanıyır. Rivaldo ali təhsillidir, çox savadlıdır, geniş dünyagörüşünə malikdir.

- Vaxtilə milli komandamızı braziliyalı Karlos Alberto Torres çalışdırıb. Bəlkə Rivaldo Azərbaycan yığmasını həmyerlisinə görə tanıyır?
- Bunu deyə bilmərəm. Düzü, bunu soruşmadım. Bir saata yaxın onunla tərcüməçi vasitəsi ilə söhbət etdik və Rivaldo yaxşı insan təsiri bağışladı. O, heç kimə yuxarıdan aşağı baxmır.

- Rivaldo sizdən Azərbaycan futbolu haqda nə soruşdu?
- Futbolumuzun inkişaf səviyyəsi ilə maraqlandı. Mən də bu haqda məlumat verdim, Azərbaycan futbolunun tədricən inkişaf etdiyini dedim. Mənə dedi ki, hər şey yaxşı olar, futbolumuza uğurlar arzuladı. Söhbətimiz zamanı “Bunedkor”un kapitanı, ötən il Asiyanın ən yaxşı futbolçusu seçilən Sərvər Ceparov da var idi. Mən “Novbahor”da çıxış edəndə Sərvər əvəzedici komandada oynayırdı. “Bunedkor”un meneceri dünya və Avropa çempionu olan məşhur fransız futbolçu Emmanuel Petidir. Rivaldonun bir ilinə 10 milyon dollar verirlər. İndi üç illik müqavilə bağlayıb. “Bunedkor” Eto, Messini də Daşkəndə dəvət etdi. Eto-ya 40 milyon verirdilər.

- Amma Rivaldo ilə meydanda qarşılaşmadınız...
- Yox. İlk oyun zamanı Rivaldo “Bunedkor”a yeni gəlmişdi, oyunu kənardan izləyirdi.

- “Neftçi”də oyunların birində meydana sonradan çıxıb əvəzləndiyiniz zaman formanı yerə atmışdınız. Sonradan bunu özünüz üçün təhlil edib, peşmançılıq hissi çəkdiniz?
- Bəli. Bilirsiniz, həmin oyunda səhvim olmadığı halda, heç nədən əvəzləndim. Futbolçunu oyunun gedişində meydana buraxıb, sonradan da onu əvəzləmək, bu, mənim üçün təhqirdir. Ömrümdə ilk dəfə belə vəziyyətlə üzləşdim. Formanı yerə atmağı siyasətə çevirdilər. Üzləşdiyim münasibətə üzüldüm və komandadan çıxarıldım. Həmin mövsüm “Neftçi” çempion oldu. Ancaq mən qızıl medal almadım, 30 min dollar itirdim. Həmin vaxt bu, yaxşı pul idi. Elə indi də pis deyil. Kim 30 min istəməz ki?

- 2005-ci ildə “Birlik kuboku”nun finalında “Pünik” üzərində qələbəyə görə nə qədər mükafat almışdınız?
- Həmin görüşdə meydana sonradan çıxmışdım. Mən 10 min, əsas heyət oyunçularına isə 19 min vermişdilər.
0