Futbol meydançasına 50 raket atılıb
16.05.2009 - 10:23
Futbol meydançasına 50 raket atılıb
FİFA Polşa, Bosniya və Herseqovina və Yunanıstanın Futbol Federasiyalarını cəzalandırıb. Apasport.az saytının məlumatına görə, hər 3 milli assosiasiya azarkeşlərin 2010-cu il dünya çempionatının seçmə mərhələ oyunlarında davranışı ucbatından cərimələnib.

Bosniya və Herseqovina yığmasının fanatları martın 28-də Genk şəhərində Belçika ilə görüşdə pirotexniki vasitələrdən yararlanıblar. Onlar tərəfindən buraxılan təxminən 50 raketin böyük əksəriyyəti meydançaya düşüb. Buna görə də oyun 8 dəqiqə dayandırılıb, hakim isə futbolçuları paltardəyişmə otağına göndərib. Eyni zamanda, bosniyalı azarkeşlər meydançaya da daxil olublar. Bosniya və Herseqovina bütün bunlara görə 50 min İsveçrə frankı məbləğində cərimə ödəyəcək.

Polşanın ali futbol qurumu isə milli komandasının martın 28-də Şimali İrlandiya ilə Belfastda keçirilən rəsmi matçda yaşanan olaylar üzündən diskvalifikasiya olunub. Polşalı azarkeşlərin səfər görüşündə yer aldığı tribunalardan atılan pirotexniki vasitələr hətta birbaşa meydançaya uçurmuş. Belə ki, 5 fişəng stadionun qazonuna düşüb. Hətta polislər polşalı azarkeşlərin yer aldığı sektorların birində baş verən qarışıqlığı aradan qaldırmağa məcbur olub. Həmin anda qonaq azarkeşlər meydançaya müxtəlif əşyalar atıblar. Polşa Futbol Federasiyası azarkeşlərinin hərəkətinə görə 25 min İsveçrə frankı cərimə ödəyəcək. FİFA həm Polşa, həm də Bosniya və Herseqovinanın ali futbol qurumuna ciddi xəbərdarlıq edib. Belə insident bir daha təkrar olunarsa, bu iki yığmanın xalların silinməsi, yaxud turnirdən kənarlaşdırılması təhlükəsi gözləyir.

Yunanıstan Futbol Federasiyası isə 25 min İsveçrə frankı məbləğində cəriməni azarkeşlərin aprelin 1-də İsrail yığması elə ev oyununda siyasi xarakter daşıyan şüarlardan istifadə etdiyi üçü ödəyəcək.
0