“Bet and Win” “Bakı” və “Real” arasındakı fərqi göstərdi
18.06.2009 - 09:57
“Bet and Win” “Bakı” və “Real” arasındakı fərqi göstərdi
Məşhur “Bet and Win” bukmeker kontoru 2009/10 mövsümündə Çempionlar Liqasının (ÇL) qalibi ilə bağlı pul qoyuluşlarının əmsallarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, bir neçə illik fasilədən sonra yenə ulduzlar toplusu yaradan İspaniya “Real”ı əsas favorit sayılır. Madridlilərin ÇL-i qazanma əmsalı 5-ə bərabərdir. Mükafatın hazırkı sahibi olan digər İspaniya təmsilçisi “Barselona” isə əzəli rəqibindən geri qalır – 5,75. Növbəti üç pillədə isə ingilis klubları yer alıb: “Mançester Yunayted” – 8,00, “Çelsi” – 8,50, “Liverpul” – 11,00. İtaliyanın “İnter” klubu altıncı namizəd olsa da, onların əmsalı 13,00-a bərabərdir.

Azərbaycan çempionunun əmsalı isə 5000-ə bərabərdir. Yəni, “Bakı” bu turnirin qalibi olarsa, onun qələbəsinə pul qoyanları 5 min qat zənginləşdirəcək. “Real”dan min dəfə geri qalan “Bakı” bu əmsala malik 11 komandadan biridir ki, onlar 11 komanda ilə müqayisədə daha şanslıdır. Belə ki, ən zəif “11-liy”in əmsalı 10000-ə bərabərdir. Bir məqam da maraq doğurur ki, şirkətin rəsmi saytında 2009/10 mövsümündə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək komandanın adı da düzgün göstərilməyib. Onlar “Bakı” ilə ötənilki çempion “İnter” (Bakı) arasında qalaraq, təmsilçimizi “İnter Bakı” kimi qeyd edib. Türkiyə təmsilçiləri “Beşiktaş” və “Sivasspor”un qalib gəlmək əmsalı isə müvafiq olaraq 81 və 101-ə bərabərdir.
0