Rusiya yığmasının futbolçuları Sloveniyaya qəsdən uduzublar!
20.11.2009 - 16:28
Rusiya yığmasının futbolçuları Sloveniyaya qəsdən uduzublar!
Rusiya ictimaiyyəti 2010-cu ildə CAR-da keçiriləcək dünya çempionatından kənarda qalmalarını həzm edə bilmir. Apasport.az saytının məlumatına görə, pley-off mərhələsində Sloveniyaya uduzmaqla, mundiala vəsiqə əldə edə bilməyən Rusiya yığmasına qarşı ittihamların sayı gündən-günə artır.

Artıq Rusiya Dövlət Dumasında da bu məsələ ilə bağlı müzakirələr gedir. Qurumun deputatı Anton Belyakov daha irəli gedərək, milli oyunçularını matçı bilərəkdən uduzmaqda ittiham edib. Onun fikrincə, futbolçular öz məğlubiyyətlərinə və dünya çempionatına çıxmamaqlarına görə böyük məbləğdə pul qoyublar: “FİFA reytinqində Rusiya yığması 6-cı, Sloveniya isə 49-cu yerdədir. Bu fərq totalizatorlardakı pul qoyuluşlarının əmsallarına da təsir edir. Bizimkilərin məğlubiyyətində də totalizatorda qazanmaqda maraqlı olmağın rolu ola bilər. Burada söhbət onlarla, hətta yüzlərlə milyon dollardan da gedə bilər. Ola bilər ki, 0:1 hesabı ilə uduzduğumuz cavab oyunundakı yersiz səhvlər və zəif oyun da bununla bağlı idi”.

Belyakovun təşəbbüsü ilə Dumanın bədən tərbiyəsi və idman komitəsi prokurorluq və İdman, Turizm, Gənclər siyasəti nazirliyinə müraciət edərək məsələni araşdırmağı təklif edib.

Qeyd edək ki, Moskvadakı oyunda Sloveniyanı 2:1 hesabı ilə məğlub edən ruslar səfərdə 0:1 hesabı ilə uduzaraq dünya çempionatına həsrət qalıb.
0