“Hərbçilər”in barıtı qurtarıb
05.11.2010 - 18:01
“Hərbçilər”in barıtı qurtarıb
MOİK tarixinin ən acı dövrünü yaşayır. Apasport.az saytının məlumatına görə, ardıcıl 8 oyunda uduzması bir yana, “hərbçilər” bu görüşlərdə qol da vura bilmirlər. Ən acınacaqlısı odur ki, ordu klubu I turdan sonra rəqib qapısına yol tapa bilmir.

Düzdür, bu komandanın IX tur çərçivəsində oktyabrın 16-da “Bakı”ya səfərdə 1:2 hesabı ilə uduzduğu oyunda qol qeydə alınıb. Ancaq məsələ ondadır ki, bu, “Bakı”nın toqolu müdafiəçi Dare Nibombenin öz qapısına vurduğu top sayəsində gerçəkləşib. Yəni, MOİK-in öz futbolçusunu vurduğu sonuncu qol I turda “Muğan”ı evdə 3:2 hesabı ilə yendikləri oyunda olub.

Avqustun 8-də Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilən görüşdə Nuran Qurbanov 34-cü dəqiqədə hesabı açıb, Anar Qasımov 68 və 83-cü dəqiqələrdə etdiyi dubla qələbəni təmin edib. Maraqlıdır ki, “hərbçilər” mövsümə ən çox qol vuranlardan biri kimi başlasa da, sonradan susdular və artıq 89 gündür qol vura bilmirlər. Vəziyyət o həddə çatdı ki, Ramil Əliyevin çalışdırdığı komanda ölkə kubokunda I divizion təmsilçisi “Abşeron”a da qol vurmadan böyük hesabla uduzaraq (0:4), mübarizəni dayandırdı.

Qeyd edək ki, MOİK-in uğursuzluğu V turda “Xəzər Lənkəran”a böyük hesabla uduzduğu oyundan (0:3) sonra başladı. Buna qədər ordu klubu “Qarabağ” və “İnter”ə son dəqiqələrdə buraxdığı qolla - 0:1 hesabı ilə yenilmiş, “Qəbələ” ilə səfərdə xalı qolsuz bərabərlikdə qazanmışdı.