“İnter” 2 futbolçu ilə danışıqlar aparır?
05.02.2013 - 18:54
 “İnter” 2 futbolçu ilə danışıqlar aparır?
Qış fasiləsində transfer siyasətinin ən passivlərindən sayılan klublarımızın başında “İnter” gedir. Apasport.az saytının məlumatına görə, Arafat Cako və Haynts Barmettlerlə hələ fasilə yaranmamış yolları ayıran “bankirlər” heyətə yayda “Kəpəz”dən almaq istədiyi Yuri Fomenkonu qatdı.

Antalyada isə seneqallı Momar N`Diaye baxışda oldu. “Mets” və “Frankfurt”un sabiq futbolçusu “Ordabası” ilə matçın hər iki qolunda yaxından iştirak etsə də, komandaya götürülmədi. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, hazırda “İnter” biri hücumçu olmaqla 2 futbolçu ilə danışıqlar aparır. Görəsən, bu məlumat nə dərəcədə doğrudur?

Ancaq klubun direktor müavini Səbuhi Səfiyarlı bu xəbəri təkzib etdi. Onun açıqlaması belə oldu: “Bunlar boş söhbətlərdir. Böyük ehtimalla, Fomenkodan başqa transferimiz olmayacaq. Çünki artıq Almaniyada əməliyyat olunan Georgi Adamiya da sıralarımıza qoşulub. Tales Şuts da çempionatda bizə kömək edə bilər. Bu üzdən hücum xəttinə daha yeni transfer gözlənilmir”.

Səbuhi TOFİQOĞLU