Bəkirovun cavanlıq səhvi
13.03.2013 - 10:12
Bəkirovun cavanlıq səhvi
"Simurq" bu il özünə bənzəmir. Çempionatın ötən ilə aid bölümündə hamı üçün qorxulu röyaya çevrilən Zaqatala klubu sanki həmin əzəmətini itirib. Hazırda bu komanda ilə oyunda uduzmaq çoxları üçün uğursuzluq sayılır.

Bütün komandaların belə çətin dönəmi olub. "İnter", "Neftçi", "Xəzər Lənkəran", xüsusilə "Bakı" qeyri-sabitlikdən, istənilən nəticənin qazanılmamağından çox başağrısına düşüb. Amma hamısında iş ağılla çözülüb, heç birində şillə-təpik, yersiz addımlar gündəmə gəlməyib. Lənkəranda məşqçilər dəyişib, "İnter"də rəhbərlik oyun üslubunun ürəkaçan olması yönündə rəhbərliyin iradları birbaşa məşqçiyə sivil yolla çatdırılıb, "Bakı" və "Neftçi"də futbolçulara maddi cəza və şifahi qulaqburması verilib, "Qarabağ"da Qurban Qurbanov bəzi oyunçulardan narazılığını onların üzünə birbaşa söyləyib. Beləcə bu komandalar silkələnib, bəziləri problemləri yoluna qoyub, bir qismi də ən azı nəticə çıxarıb, eyni xətaları təkrarlamayıb.

"Simurq"da isə problemdən çıxış yolunu tapmaq üçün başqa yol seçiblər. Təsnifat mərhələsinin son turunda "Kəpəz"lə matçın fasiləsində baş verənlərdən xəbərdar olarsız. Xatırladaq ki, sonda 1:1 hesabı ilə başa çatan görüşün fasiləsində komandanın hesabda geridə olmasından qeyzlənən Zaqatala klubunun prezidenti Anar Bəkirov paltardəyişmə otağında futbolçuları ağ yuyub, qara sərib. Deyilənlərə görə, onun söyüşlə danışmasını komandanın kapitanı kimi Rasim Ramaldanov qəbul etməyib və cavab qaytarıb. Bundan sonra başverənlər isə hardasa qəbulolunan ssenariylə davam edib. Belə ki, müdafiəçi əvəzedici komandaya göndərilib, amma orada oynamaqdan imtina etdiyi üçün hazırlıqlardan kənar qalır.

Bildiyim qədəri ilə Bəkirov mərifətli, alicənab insandı. Ancaq onun futbolçularla söyüşlə danışması şəxsi portretinin cizgilərinə heç uyğun gəlmir. Deyəsən, cavanlığı üzündən ya etika qaydalarını tam mənimsəməyib, ya da bəzən pulun həm də onu qoluzorlu edə biləcəyinə inandırıb. Əslində, paltardəyişmə otağına getməsi belə qəbahət olan prezident deyəsən, Azərbaycan futbolunun ötən əsrin 90-cı illərdəki dövrünə səyahət etmək istəyib. Ya o zaman hər məğlubiyyətdən sonra futbolçuları döyən "ANS-Pivani" rəhbərliyindən nümunə götürüb, ya da hakimləri qorxudaraq lazımi nəticəyə nail olan bəzi klub rəhbərlərindən. Ancaq yəqin Ramaldanovun cavabının timsalında dövrün başqa olduğunu anladı. Şəxsən mənim Rasimin şəxsiyyətinə hörmətim artdı. Çünki o, pul qazanmaq xatirinə mənliyini itirmədi. Bəlkə də böyüyə cavab qaytarmaqla düz etmədi, ancaq böyük o adamdı ki, böyüklüyünü bilsin (Sport Ekspress).

Doğrusu, elita klublarının içərisində komandaya hər baxımdan nəzarət edən çox futbol funksioneri tanıyıram. Ancaq onların heç biri işçiləri ilə münasibətdə Bəkirovun metodunu seçmir. Hətta Anar bəyin hərəkətinə kimi hansısa prezidentin ümumiyyətlə, belə addım atacağına inanmırdım. Ona qalsa, gərək Mais Mənsimov, Hafiz Məmmədov və başqaları hər oyundan sonra belə etsin. Amma bu şəxslər heç vaxt belə hərəkəti özünə sığışdırmaz. Bəkirovsa yəqin ki, cavanlıq səhvi ucbatından belə etdi və cavabını aldı.

"İnter"in "Zaqatala filialı"nın rəhbərini bəlkə də özündən çıxaran özündən böyüklərdən eşitdiyi eyniməzmunlu tənqidlərdi. Axı, "Simurq"a xərclənən pullar heç də Anar bəyin deyil, o, sadəcə, icraçıdı. Belədə "vassalımın vassalı prinsipi" işə düşür ki, bu məsələdə də Bəkirovun hesabat tələb etməli adam baş məşqçi Georgi Çixradzedi. Ancaq prezident onu da tapdalayıb paltardəyişmə otağına girir və söyüş söyürsə, deməli, artıq çalışdırıcının da nüfuzunu ayaq altına atmış oldu.

İndi "Simurq" çətin günlərini yaşayır. Komanda ilk "altılığ"a çox erkən vəsiqə qazansa da, avrokuboklara vəsiqə qazanması xəyala çevrilir. Ancaq bunun üçün söyüş yox, döyüş lazımdı. Döyüşə isə təhqir olunmuşlar deyil, arxasında dəstək hiss edən əsl cəngavərlər gedir.