Rail Məlikov: Şişirdilmiş yox, normal məbləğdir
18.06.2013 - 13:42
Rail Məlikov: Şişirdilmiş yox, normal məbləğdir
“Dənizlispor”da gələcək taleyim prezident seçkilərindən asılı idi. Süleyman Urkay yenidən bu posta seçilibsə, deməli, məni buraxmayacaqlar”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Dənizlispor”un futbolçusu Rail Məlikov deyib. Keçən mövsümü Türkiyə I liqasında Dənizli təmsilçisində keçirən 28 yaşlı müdafiəçi prezident seçkilərinin nəticəsini gözləyirdi.

Belə ki, klubun Konqresində prezidentliyə yeganə namizəd olan Süleyman Urkay yenidən vəzifəyə seçilməyi onun hakimiyyətinin 2-ci dövrü başlayıb. “Dənizlispor”la “1+1” şərti ilə müqaviləsi olan Məlikov prezidentin postunda qalmağı ilə onu komandada saxlayacağını düşünür: “Mənim Türkiyədə başqa təkliflərim var. Azərbaycan klubları ilə hələ danışmamışam. Prezident seçkilərinin nəticəsini gözləyirdim. Yəqin ki, yaxın günlərdə klubumla danışığım olacaq. “Dənizlispor”un hazırkı rəhbərliyi onlara lazım olduğumdan, məni buraxmaq fikrində deyillər. Onlardan alacağım var. Bu, ötən mövsümə görə qazandığım bonusdur, haqqımdır. Şişirdilmiş yox, normal məbləğdir. Demişdilər ki, prezident seçkilərindən sonra verəcəklər”.

Railin komandası növbəti mövsümə hazırlığa iyulun 5-də başlayacağından, yetərincə vaxtı var. Qış fasiləsində millimizin yarımmüdafiəçisi Arif İsayevin gedişinə təşəbbüskar olan müdafiəçidən daha bir həmyerlisinin keçidinin mümkünlüyü haqda soruşduq: “Orda bizdən azərbaycanlı futbolçu haqda soruşublar. Ancaq konkret kiminsə namizədliyi olmayıb və bizdən fərqli həmin futbolçumuz legioner sayılacaq. Çünki I liqada türk ölkələrindən 3 oyunçu əcnəbi statusu daşımır. Həmin azərbaycanlının legioner statusuna 100 faiz cavabdeh olmağını istəyirlər. Yoxsa əcnəbi məsələsinə diqqətlə yanaşan yerli azarkeşlər üsyan edərlər. Dediklərinə görə, “Dənizlispor” növbəti mövsümdə fərqli atmosfer, yüksək liqaya çıxmağa iddialı olacaq”.

Mehman SÜLEYMANOV