Çempionatımızdan daha bir hücumçu “Orduspor”a gedir
19.06.2013 - 12:50
Çempionatımızdan daha bir hücumçu “Orduspor”a gedir
Türkiyənin “Orduspor” klubu millimizin hücumçusu Branimir Subaşiçdən sonra Topaz Premyer Liqasından daha bir futbolçunu almaq istəyir. Apasport.az saytının məlumatına görə, I dəstə təmsilçisi “Qəbələ”nin hücumçusu Yannik Kamanana göz dikib.

Hücum xəttinə Əmrə Aygün, Branimir Subaşiçi transfer etməsinə baxmayaraq, “Orduspor” “Sivasspor”dakı çıxışlarından tanınan Kamananı da heyətinə qatmağa çalışır. Hətta Türkiyə klubu 31 yaşlı forvardla görüşmələrə də başlayıb. Subaşiçin yeni komandasının Kamananla anlaşmağa yaxın olduğu bildirilir.

Qeyd edək ki, Türkiyədə “Sivasspor”dan başqa, “Mersin İdman Yurdu”nda da çıxış edən Kamanan 2011/2012 mövsümünün qışından “Qəbələ”də oynayır. Fransız hücumçunun indiki klubu ilə hələ 1 illik müqaviləsi mövcuddur.