Mario Souza həmyerlisini “Xəzər Lənkəran”a gətirdi
19.06.2013 - 12:26
Mario Souza həmyerlisini “Xəzər Lənkəran”a gətirdi
Avropa Liqasının hazırlıqlarına start verən “Xəzər Lənkəran” bu gün Almaniyaya yollanıb. Apasport.az saytının məlumatına görə, sübh tezdən Bakını tərk edən cənub təmsilçisi yerli vaxtla saat 10:00-da (Bakı vaxtilə 13:00-da) Münhenə yetişib.

Münhen Hava Limanında yeni transfer, ötən mövsümü AZAL-da keçirən braziliyalı hücumçu Junior Nildo və Vanderson Skarduello da qoşulub.

Az sonra isə “ağ-yaşıllar”ın sabiq futbolçusu, artıq karyerasını bitirən Mario Souza düşərgəyə həmyerlisi ilə gəlib. Bu, braziliyalı qapıçı Duqlas Leytedir. Karyerasını daha çox vətənində keçirən 33 yaşlı futbolçu son olaraq “Audaks Rio”da oynayıb. O, Avropada legioner həyatını 2007-ci ildə Portuqaliyada “Akademika”da keçirib.

“Sumqayıt”dan transfer olunan millimizin hücumçusu Pərdis Azad-Fərzadın isə sabah düşərgəyə gələcəyi bildirilir.

Münhen yaxınlığındakı “Bayerischer Hof” otelində məskunlaşan komanda üzvləri bu gün istirahət edəcək. Gün ərzində digər futbolçular da komandaya qoşulacaq. Sabah isə “ağ-yaşıllar” Con Toşakın rəhbərliyi altında Almaniyada ilk məşqə çıxacaq.