“Orduspor”un təklifi ciddi olarsa, Kamananı satmaq olar”
19.06.2013 - 13:00
“Orduspor”un təklifi ciddi olarsa, Kamananı satmaq olar”
“Hazırda bəzi işlərlə əlaqədar olaraq Avropadayam. Ancaq bilirəm ki, “Orduspor”dan klubumuza heç bir rəsmi təklif daxil olmayıb”. Bunu apasport.az saytına “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

Türkiyənin “Orduspor” klubu hücum xəttinə Branimir Subaşiçin ardından Yannik Kamananı da qatmaq istəyir. Daha çox “Sivasspor”dakı çıxışları ilə qardaş ölkədə tanınan fransalı futbolçu ilə danışıqlar apardığı bildirilir. Ancaq hücumçunun razılığı alınsa belə, gərək futbolçunun müqavilə ilə məxsus olduğu “Qəbələ”yə də transfer üçün müraciət olunsun.

“Qəbələ”nin vitse-prezidentinin sözlərinə görə, Ordu klubu belə təklif göndərəcəyi halda, bu haqda düşünmək olar: “Orduspor”dan bizimlə əlaqə saxlayan olmayıb. Həmin klubun təklifi ciddi olarsa, Kamananı satmaq olar. Ancaq bir şərtlə ki, bunu baş məşqçimiz Yuri Syomin də istəsin”.

Yeri gəlmişkən, Nəcəfovdan “Qəbələ”nin ötən mövsümü “Volqa”da keçirmiş milliyyətcə avar olan hücumçu Şamil Asildarovla maraqlandığına da münasibət öyrəndik: “Ötən dəfə sizə Rusiyadan 1 hücumçu istədiyimizi, onun Abdulvahid Afolabi olduğunu demişdim. Mən Asildarov adında futbolçu tanımıram. Düzdür, bəzi hücumçularla danışıqlarımız baş tutmayıb. Ancaq onların arasında mənə bu ad-soyadda futbolçu ilə maraqlandığımız deyilməyib”.

Səbuhi TOFİQOĞLU