“Sumqayıtda anadan olsam da, ilk dəfə burda çıxış edəcəm”
20.06.2013 - 16:38
“Sumqayıtda anadan olsam da, ilk dəfə burda çıxış edəcəm”
"Sumqayıt" 2013/14 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qarabağ"ın sabiq müdafiəçisi Zaur Həşimovu heyətinə qatıb.

Karyerası ərzində "Şəfa", "Xəzər Universiteti", "İnter" və "Xəzər Lənkəran"ın şərəfini qorumuş Zaur "Qarabağ"ın heyətində Premyer Liqada ümumilikdə 86 oyunda 2 qol vurub. O həmçinin 19 dəfə əsas millimizin formasını geyinib.

32 yaşlı futbolçu yeni klubu ilə birillik müqavilə imzalayıb. Bununla bağlı Həşimov açıqlama da verib: “Sumqayıtda anadan olsam da, ilk dəfədir ki doğma şəhərimin komandasında çıxış edəcəm. Buna görə çox sevinirəm. İnşallah, uğurlu çıxışımla "Sumqayıt"a xeyirli olaram".

Qeyd edək ki, Zaura qədər “Sumqayıt” Vurğun Hüseynov, Vüqar Əsgərov və Anar Nəzirovun transferini reallaşdırmışdı.