Toşak zarafat etdi, Benouahi heyrətləndi
20.06.2013 - 18:00
Toşak zarafat etdi, Benouahi heyrətləndi
Avropa Liqasının hazırlıqlarına başlayan “Xəzər Lənkəran” bu gün Münhen yaxınlığındakı “Marc Aurel” otelinin meydançasında ilk məşqinə çıxdı. Apasport.az saytının Almaniyaya ezam olunan əməkdaşının məlumatına görə, yerli vaxtla səhər saat 10:30-a təsadüf edən məşqə uelsli mütəxəssis Con Toşak klubun rəisi Səməd Mustafayevlə birgə daha tez yollanaraq, komandanın hazırlıq keçəcəyi meydana baxış keçirdilər.

Hazırlığa 22 futbolçu qatılmışdı ki, bu da son vaxtlar “ağ-yaşıllar”ın düşərgəsində görünməyən hal idi. Belə ki, son 4 ildə cənub təmsilçisinin bütün hazırlığında iştirak etdiyimdən, düşərgədə eyni vaxtda bu qədər futbolçuya rast gəlməmişdim. Heyətin öncədən deyilən vaxtda oteldə olmalarına səbəb isə Toşakın nizam-intizama daha çox diqqət yetirməsi idi.

Elə Toşaka bu haqda məlumat verən klubun mətbuat katibi Huseyn Cəbrayıloğluna uelsli mütəxəssis zarafatyana cavab verdi: “Bir də gördünüz ki, 6-7 futbolçunu komandadan kənarlaşdırdım”.

Az sonra futbolçular meydançaya daxil oldu ki, bu zaman Toşak komanda üzvlərinin bir-bir əlini sıxdı. Yeni legionerlərdən – Zohair Benouahi və Junior Nildo ilə hardasa 5 dəqiqə söhbət edən Toşak əlini Benouahinin çiyninə qoyaraq “özünüzü burda yad hiss eləməyin” deməsi, mərakeşli futbolçunun heyrətinə səbəb oldu.

İlk məşqdə futbolçular daha çox fiziki təmrinlər üzərində çalışdılar. Bu gün yerli vaxtla saat 18:30 üçün “ağ-yaşıllar”ın daha bir məşqi planlaşdırılıb.

Heyətdə hələlik baxışda olan bir futbolçu var ki, bu da “ağ-yaşıllar”ın sabiq üzvü Mario Souzanın Braziliyadan gətirdiyi qapıçı Duqlas Leytedir. Onun komandada qalıb-qalmayacağı yaxın günlərdə bəlli olacaq.

“Sumqayıt”da forma geyinən Pərdis Azad-Fərzadın bu gün düşərgəyə gələcəyi deyilsə də, hələlik ondan xəbər yoxdur.