David Vilya: “Tofiq Bəhramov”dan “Marakana”ya kimi
21.06.2013 - 11:56
David Vilya: “Tofiq Bəhramov”dan “Marakana”ya kimi
“Barselona”nın futbolçusu David Vilya İspaniya yığmasında het-trik etmək üçün 4 il gözləməli olub. Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumçu buna Konfederasiyalar Kubokunda Taiti yığmasına 10:0 hesabı ilə qalib gəldikləri oyunda nail olub.

Maraqlıdır ki, Vilya millidə bunadək 1 oyunda 3 qolu Bakıda vurmuşdu. Bu, ispanların 2009-cu ilin iyunun 9-da Azərbaycan yığmasına Tofiq Bəhramov adına Respublika stadionunda 6:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə gerçəkləşmişdi.

Fərq ondadır ki, David onda daha tez – 9 dəqiqəyə (35, 40 və 44-cü dəqiqələr) fərqlənmişdi. Ona dünyanın ən böyük stadionlardan olan “Marakana”da het-trik etmək üçün bir qədər çox - 25 dəqiqə (39, 49 və 64) lazım oldu.

Qeyd edək ki, Vilya 2008-ci və 2010-cu illərdə Avropa və dünya çempionu olduğu, həmin turnirlərin ən sərrast oyunçusu olduğu yığmasında 90 oyunda 56 qol vurub.