“Araz”ın sabiq futbolçusu: “Qəbələ” ilə oynayacağıq
21.06.2013 - 14:46
“Araz”ın sabiq futbolçusu: “Qəbələ” ilə oynayacağıq
“Qəbələ”nin Türkiyə toplanışı zamanı qarşılaşacağı ilk sınaqçı rəqibin də adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bu, ötən mövsümün yekunlarına görə Ukrayna Premyer Liqasını tərk etmiş Zaporojye “Metallurq”udur.

Bunu iyunun 10-da “Metallurq”la 3 illik müqavilə bağlamış yeni baş məşqçi Sergey Puçkov deyib. 1997-ci ildə “Araz”ın şərəfini qorumuş 51 yaşlı çalışdırıcı Zaporojye klubunun rəsmi saytına verdiyi müsahibədə “Qəbələ” ilə yoxlama oyunu keçirəcəklərini bildirib: “İyunun 26-da biz ikinci və sonuncu təlim-məşq toplanışı üçün Türkiyəyə uçacağıq. Orda 3 yoxlama oyunu keçirəcəyik. İyunun 29-dakı rəqibimiz dəqiqləşdirilir. İyulun 2-də isə Yuri Syominin çalışdığı Azərbaycanın “Qəbələ” komandası ilə oynayacağıq. Və iyulun 6-da Türkiyə Superliqasının təmsilçisi “Antalyaspor”la gücümüzü sınayacağıq”.

Qeyd edək ki, “Qəbələ”nin iyulun 7-də “Trabzonspor”, 10-da “Mersin İdman Yurdu” və 13-də “Antalyaspor”la qarşılaşacağı daha öncədən məlum idi.