Con Toşak: Nildo bizə çox kömək edəcək
21.06.2013 - 18:37
Con Toşak: Nildo bizə çox kömək edəcək
Yay təlim-məşq toplanışını Almaniyada keçirən “Xəzər Lənkəran” məşqlərini davam etdirir. Apasport.az saytının məlumatına görə, dünən axşam yağan güclü yağış tezliklə dayanmaqla yanaşı, havanın sərinləşməsinə də səbəb olmuşdu.

Səhər məşqi fiziki təmrinlərlə başlayıb və bir saat ərzində qapıçılar istisna olmaqla, futbolçular meydanboyu ayrılmış xüsusi nişanlara qədər müxtəlif qaçışları yerinə yetiriblər. Qapıçılar isə məşqçi Hafiz Əliyevin rəhbərliyi altında çalışıblar ki, onlar da hələlik topla yox, əsasən fiziki gücə hesablanan çalışmaları yerinə yetiriblər. Məşqin son yarım saatı isə daha maraqlı alınıb.

Belə ki, qısaldılmış meydanda futbolçuları iki qrupa bölən Con Toşak yerlilərlə legionerləri ayrı-ayrı komandalara ayırıb. Bu zaman təkcə Adrian Pit və yeni transfer Junior Nildo yerli futbolçuların komandasında yer alıb. Baş məşqçi qapıçıların olmadığı qapılara iki toxunuşdan istifadə etməklə yalnız vurulacaq qolların baş zərbəsi ilə hesablanacağını tapşırıb.

Yarım saat ərzində daha yaxşı təsir bağışlayan yerli futbolçular ilk olaraq Kazım Kazımlı ilə hesabı açıb. Saçını qapıçı Toni Doblasa tamamilə kəsdirən Kazımın fərqlənməsini görən Con Toşakın “bundan sonra bütün hücumçular Toninin yanına gedib saçını azaltsın” zarafatı oyuna əlavə rəng qatıb. Nildonun ikinci qolunun daha baxımlı alınması da baş məşqçinin maraqlı etirafına səbəb olub: “Üç aya Lənkəranda belə gözəl başla vurulan qol görmədim. Nildo bizə çox kömək edəcək”. Nəhayət, Kazım Kazımlının daha bir qolu ilə səhər məşqi yekunlaşdırıb.

Komanda bu axşam daha bir məşqə çıxaraq hazırlığın ikinci gününü yekunlaşdıracaq.

Mənbə: lankaranfc.com