Dünya futbolunda tanınmış bəzi klubların ilk adlarını, yəqin ki, çoxları bilmir.
Apasport.az saytının məlumatına görə, bu yazıda İngiltərədəki bəzi komandaların ilk adlarına nəzər yetirəcəyik.
Görək bəzi böyük klublar hazırkı adlarını alana qədər hansı adlar altında çıxış ediblər.
“Dial Square” – “Arsenal”
“Arsenal” 1886-cı ildə Dial Squaredəki işçilər tərəfindən qurulub. Qısa müddət sonra getdikləri “pub”dan ilhamlanaraq bəyəndikləri “Royal” ilə işlədikləri bölgə olan Arsenalı birləşdirərək komandanın adını “Royal Arsenal” qoyublar. 1915-ci ildə klubu alan iş adamı həm “pub”un reklam olunmasını istəməyib, həm də komandanı Şimali Londona köçürüb. Həmin vaxt “Royal” adı çıxarılıb və yalnız “Arsenal” qalıb.
“Small Heath Alliance” – “Birmingem Siti”
1875-ci ildə qurulan bu klubun adı həmin vaxtdan bəri çox dəyişdirilib. Komandanın ilk adı isə “Small Heath Alliance” olub. Birmingem şəhərinin bir bölgəsi olan Small Heathin adı 1888-ci ildən istifadə edilməyə başlanıb. Komanda şəhəri simvollaşdırdığı üçün 1905-ci ildən “Birmingem” adını daşıyıb. “Siti” isə 1943-cü ildə əlavə edilib.
“St. Domingo” – “Everton”
“Everton” 1878-ci ildə yaradılanda adı “St. Domingo” olub. Məqsəd kilsə üzvlərini ilboyu futbol oynamağa sövq etmək idi. Bir il sonra daha böyük yarışlarda iştiraka icazə verilməsi üçün “Everton” adı verilib.
“St. Mary's Youngmen” – “Sauthempton”
Komanda “St. Mary’s Church of England Young Men’s Association” kimi fəaliyyətə başlasa da, ad uzun olduğundan, qısa müddət sonra “St. Mary's”ə çevrilib. 1896/97 mövsümündə Cənubi Liqa çempionluğu qazanıldığından, klub şirkətə çevrilib və adı da “Sauthempton” olaraq dəyişdirilib.
“St. Mark's” – “Mançester Siti”
Komanda Mançesterdəki “St. Mark's” kilsəsinin üzvləri tərəfindən yaradılıb. Hazırkı emblemdə 1894-cü il göstərilsə də, əslində 1880-ci ildə elan edilib. Yerli komanda “Belle Vue” ilə birləşdikdən sonra komandanın adı “Gorton Athletic” olaraq dəyişdirilib. 1897-ci ildə klub stadionunu itirdikdən sonra Ardvikə köçüb. “Mançester Siti” adı isə 1894-cü ildə verilib.
“Newton Heath” – “Mançester Yunayted”
Lankşir və Yorkşir dəmir yollarının anbar işçiləri tərəfindən yaradılan “Mançester Yunayted”in ilk adı “Newton Heath” olub. Yerli bir iş adamı klubun borclarını ödəməyi öhdəsinə götürüb. 1902-ci ildə “Mançester Seltik” və “Mançester Sentral” kimi alternativ adlara baxmayaraq, “Mançester Yunayted” kimi qeydiyyata salınıb.