Kiçik planetlərə adı verilən 5 futbol adamı
27.03.2022 - 11:09
Kiçik planetlərə adı verilən 5 futbol adamı

Kiçik planet günəş ətrafında birbaşa orbitdə olan, nə planet, nə də sadəcə kometa kimi təsnif edilən astronomik obyektdir.

Apasport.az saytının məlumatına görə, bəzi futbol adamları bu idman növündə o qədər böyük işlər görüblər ki, astronomları kiçik planetlərin adlarını onlara həsr etmək üçün ilhamlandırıb.

Beləliklə, kiçik planetlərə adı verilən 5 futbol adamı:

Arsen Venger – “33179 Arsenvenger”
“33179 Arsenewenger” 1998-ci il martın 29-da astronom Yan P. Qriffin tərəfindən kəşf edilib. “Arsenal” azarkeşi olan Yeni Zelandiya astronomu üzə çıxardığı üçüncü kiçik planetə heyran olduğu komandanın əfsanəvi məşqçisi Arsen Vengerin adını verib.

Yohan Kroyff – “14282 Kroyff”
Kiçik planet “14282 Kroyff” 24 sentyabr 1960-cı il tarixində niderlandlı astronomlar Kornelis Yohannes van Hyuten və İnqrid van Hyuten-Qroenveld tərəfindən aşkar edilən əsas kəmər asteroididir. Asteroid 2010-cu il sentyabrın 23-də həm futbolçu, həm də məşqçilik karyerasında böyük uğurlar qazanan Niderlandın əfsanəvi siması Yohan Kroyffun şərəfinə adlandırılıb.

Yozef Bitsan – “10634 Pepibitsan”
“10634 Pepibican” 1998-ci il 8 aprel tarixində çexiyalı Lenka Kotkova tərəfindən kəşf olunan daxili əsas kəmər asteroididir. Bu asteroid 1999-cu il sentyabrın 28-də dövrünün ən yaxşı hücumçusu sayılan “Pepi” ləqəbli (1927-1956), Avstriya-Macarıstan İmperiyasında anadan olan əfsanəvi Yozef Bitsanın adını daşıyır.

Ferens Puşkaş – “82656 Puşkaş”
“82656 Puşkaş” 2001-ci il avqustun 10-da Kriştian Sarneçki, Qyula Şabo və Katalin Şiladi tərəfindən Piskeştetoda kəşf olunub. Macarıstan astronomları bu asteroidi bütün dövrlərin ən böyük macar futbolçularından olan Ferens Puşkaşın şərəfinə adlandırıblar.

Mixael Ballak – “79647 Ballak”
“79647 Ballak” 22 sentyabr 1998-ci il tarixində Gerard Lemann və Yens Kandler tərəfindən Drebaxda kəşf edilib. Bu asteroid alman futbolunun mühüm simalarından sayılan Mixael Ballaka həsr olunub.