Menecerlərə milyonlar “tökənlər” – ingilislərdən ibarət “5-lik”
06.04.2021 - 00:00
Menecerlərə milyonlar “tökənlər” – ingilislərdən ibarət “5-lik”

Keçmişdə futbolçuların menecerləri olmazdı.

Apasport.az saytının məlumatına görə, bu sahədə ildən-ilə gedən inkişaf daha peşəkar müqavilələr bağlanmasına və hər xırdalıqlarına qədər qeyd olunmasına gətirib çıxarıb.

Bu da futbolçuların haqlarını qorumaq yönündə çalışan menecerlərin yolunu açıb. Azərbaycanda hələ də bir çox yerli oyunçunun menecerinin olmadığı bir dönəmdə dünya ulduzları öz agentlərinə milyonlar qazandırırlar.

Buna misal olaraq Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın “Barselona” ilə danışıq zamanı qoyulan şərtləri söyləmək kifayətdir. Kataloniya təmsilçisi norveçli forvardın keçidini həll etmək üçün klubuna 150 milyon avro transfer haqqı və oyunçuya 30 milyon maaş ödəməklə canını qurtarmayacaq, onun meneceri Mino Rayolaya da 20 milyonluq razılıq pulu verməlidir.

Məlum məsələdir ki, Rayola hazırda dünyanın ən yaxşı meneceri hesab olunur. Birgə çalışdığı oyunçuların adları bunu deməyə əsas verir. Maraqlıdır, bəs son illər menecerlərə ən çox ödəniş edən klublar hansılardır? Araşdırma zamanı məlum olur ki, ilk “5-lik”də qərarlaşan komandaların hamısı İngiltərə təmsilçiləridir.

1. “Çelsi” - 35 milyon 247 min 822 funt-sterlinq
Roman Abramoviçin gəlişindən sonra “zadəganlar” dünyanın ən önəmli ulduz futbolçularını heyətinə qatmağa başladı. Bu da menecerlərə astronomik məbləğdə pul ödənilməsinə səbəb oldu. Londonlular bu müddətdə oyunçu transferlərinə yüksək məbləğlər ödədi.

2. “Mançester Siti” - 30 milyon 174 min 615 funt-sterlinq
“Şəhərlilər” yatırımın bəhrəsini bir qədər gec gördü. Premyer Liqada digər komandalardan geri qalmamaq üçün ən yaxşı menecerləri komandanın sükanı arxasına gətirdi. Məhz bu siyasət klubun menecerlərə ödənişinin də kəskin şəkildə artmasına gətirib çıxardı.

3. “Mançester Yunayted” - 29 milyon 801 min 555 funt-sterlinq
Ser Aleks Ferqyusonun gedişindən sonra çempionluq yarışından uzaq düşən “qırmızı şeytanlar” marka dəyəri sayəsində hələ də dünyanın ən çox gəlir əldə edən klubudur. Bunun sayəsində “mankunianlar” böyük transferlər reallaşdıra bilirlər. Təbii ki, bunlar menecerlərə önəmli məbləğdə ödənişlər edilərək həyata keçirilir.

4. “Liverpul” - 21 milyon 652 min 589 funt-sterlinq
Avropanın ən güclüləri sırasında yer alacaq dərəcədə heyət quran Yurgen Klopp ötən mövsüm 30 illik Premyer Liqa çempionluğu həsrətinə son qoydu. Əlbəttə ki, yaxşı heyət formalaşdırmaq üçün güclü oyunçulara ehtiyac olur. Bunu da menecerlərin cibini doldurmaqla reallaşdırmaq mümkündür.

5. “Tottenhem” - 16 milyon 520 min 177 funt-sterlinq
“Tottenhem” Mauritsio Poçettinonun dönəmində çox xərcə düşmədi. Hətta bəzi “transfer pəncərə”sini səssiz keçirdi. Ancaq yenə də yüksək məbləğ qarşılığında alınan oyunçular sayəsində agentlərin ciblərini doldurdu.