“Oyun barədə danışmazdan öncə hamını, bütün ölkəni, azarkeşləri Novruz bayramı münasibətilə təbrik etmək istəyirəm. Bu qələbəni də hamıya bayram hədiyyəsi edirik”.
Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç deyib.
Serbiyalı mütəxəssis AVRO-2023-ün seçmə mərhələsinin Estoniya ilə Sumqayıtda keçirilən oyunundan sonra mətbuat konfransında fikirlərini açıqlayıb: “Sumqayıtdakı azarkeşlərə böyük dəstəyə görə təşəkkür edirəm. Həmişə olduğu kimi bizə qələbə üçün lazım olan enerjini verdilər. Futbolçulara əhsən deyirəm. Məşqlərdə üzərində işlədiklərimizi yerinə yetirməyə çalışırdılar. Nəticədə bu qələbəni haqq etdik. Oyuna gəlincə, Estoniya yığmasını çox yaxşı analiz etmişdik. Onlardan belə oyunu gözləyirdik. İlk hissənin belə keçəcəyini bilirdik. Topsuz hərəkət etməli və səbir etməli idik ki, sonda öz imkanlarımızdan qol vuraq”.
Qeyd edək ki, Azərbaycan millisi Estoniya üzərində 3:0 hesabı ilə qalib gəlib.