Sabah keçiriləcək Malta – Azərbaycan oyunu rəqiblər arasında 9-cu duel olacaq.
Apasport.az saytının məlumatına görə, komandalar indiyədək 8 dəfə üz-üzə gəlib.
Malta millisi Azərbaycan üçün uzun müddət arzuolunmaz rəqib olub. İlk dəfə 1994-cü ildə baş tutan qarşılaşmada 0:5 hesablı darmadağınla üzləşən yığmamız sonrakı iki matçda da qol vurmadan uduzub. Bu görüşlərdən ikisi yoldaşlıq oyunu, biri yoxlama xarakterli beynəlxalq turnir çərçivəsində baş tutub.
Malta sindromu yalnız 2013-cü ildə qırılıb. Yoldaşlıq görüşündəki qələbənin davamı sonradan AVRO-2016-nın seçmə mərhələsində də gəlib. Həmin tsikldə yığmamız rəqibindən 4 xal alıb.
Amma son seçmə oyunundakı heç-heçə sonradan Millətlər Liqasında da iki sülhlə davam edib. Bir sözlə, son üç dueldə qalib müəyyənləşməyib.
Ümumilikdə 2 qələbə və 3 heç-heçəsi olan yığmamız 3 dəfə uduzub. Top fərqi də rəqibin xeyrinədir – 9-13. Qələbə sayında tarazlıq axtarışında olan millimiz mütləq bərabərlik üçün 4 top fərqinə sevinməlidir.
Yoldaşlıq oyunları
9 aprel 1994. Ta Qali. Malta – Azərbaycan – 5:0
6 fevral 2000. Ta`Qali. Malta – Azərbaycan – 3:0
17 aprel 2002. Ta Qali. Malta – Azərbaycan – 1:0
14 avqust 2013. Bakı. Azərbaycan – Malta – 3:0
AVRO-2016-nın seçmə mərhələsi
28 mart 2015. Bakı. Azərbaycan – Malta – 2:0
6 sentyabr 2015. Ta-Qali. Malta – Azərbaycan – 2:2
Millətlər Liqası-2019
10 sentyabr 2018. Ta Qali. Malta – Azərbaycan – 1:1
14 oktyabr 2018. Bakı. ML-D. Azərbaycan – Malta – 1:1