Murad Musayev: “Problemlərimiz var”
19.03.2022 - 19:11
Murad Musayev: “Problemlərimiz var”

“Çox çətin oyun oldu. Görüş bizim nəzarətimiz altında idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının XX turunda “Səbail” üzərində 1:0 hesablı qələbə qazandıqları oyun barədə danışarkən deyib.

Qarşılaşmadan sonra mətbuat konfransında fikirlərini bölüşən rusiyalı mütəxəssis komandasının çıxışını dəyərləndirib: “Bu gün uzun müddət qol vura bilmədik, rəqibin çox yaxşı fürsəti oldu. İkinci hissə məni daha çox məmnun etdi. Qol vurmaqda problemlərimiz var. Buna baxmayaraq, istədiklərimizi həyata keçirərək, qələbə qazana bildik”.

Çalışdırıcı futbolçularda arxayınlıq olması fikri ilə razılaşmayıb: “Rəqibi dəyərləndirməmək söhbəti yox idi. Sadəcə, “Səbail” oyunun gedişatını ləngidən komandadır. Rəqibə qarşı ciddi yanaşmışdıq”.

O, qapıçı Yusif İmanova debüt şansı vermələrinin səbəbini də açıqlayıb: “İlk səbəb limit idi. Məşqçilər korpusu ilə belə qərara gəldik ki, hücum xətti əcnəbilərdən ibarət olsun. Yusif də yaxşı məşq edib, ona şans vermək istədik. Bu şansdan da çox yaxşı istifadə etdi. Oyunun qırılma nöqtələrindən biri hesab 0:0 olarkən onun seyvi idi. Həm onu, həm də gənc mərkəz müdafiəçisi Hiqor Qabrieli təbrik edirəm”.