“Uğurlu seriya yaxalamışdıq. Bu oyuna da böyük ümidlərlə hazırlaşmışdıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XX turunda “Qarabağ”a 0:3 hesabı ilə məğlub olduqları matç barədə danışarkən deyib.
Sadıqov oyundan sonra mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Neftçi” və “Qarabağ” kimi komandalara qarşı daha müdafiəyəmeylli oynayırsan. Bu gün dəyişiklik etmədik, öz oyunumuzu göstərmək istədik. Təəssüf ki, birinci hissəni uğursuz keçirdik, rəqibə qol vurmaq imkanı yaratdıq. Oxunan kombinasiya idi. Sayıqlığı itirdik və hesabda geri düşdük. Ruhdan düşməmişdik, fasilədən sonra fürsətlərimizin olacağını düşünürdük. İkinci hissənin əvvəlindəki penaltidən sonra oyunun nəticəsi bəlli idi. Əgər “Qarabağ” kimi komandaya qarşı 0:2 geri düşürsənsə, bundan sonra çətin olur. Oyunu çevirmək mümkün deyildi. 0:3 məğlub olduq. Komandama təşəkkür edirəm. Uğurlu trayektoriya cızmışıq. Hər görüşdə qalib gəlmək mümkün deyil. Xüsusilə belə rəqiblərə qarşı. Bu gün meydanda qış fasiləsindən sonra ən yaxşı “Qarabağ”ı gördük. Başqa motivasiya ilə oynayır, aqressiya göstərirdilər. İlk dəqiqədə necə başladılarsa, sona qədər elə oynadılar. Belə olan halda sən də daha ürəkli olmalı, müqavimət göstərməlisən. Bunu edə bilmədik”.
- Ötən turda “Qəbələ”yə qarşı iki gün oynadınız. Bunun “Qarabağ”la qarşılaşmaya hazırlıq baxımından çətinliyi oldumu?
- Düzdür, proqram pozulur, ancaq düşünmürəm ki, hansısa təsiri olsun.
- Penalti epizodunu qırılma anı hesab etmək olar?
- Ona qədər də rəqib böyük üstünlüklə oynayırdı. 0:1, 0:0 “Qarabağ”a qarşı təhlükəli hesab deyil. Amma 2-ci qoldan sonra nəyisə dəyişmək çətindir. Bu penaltidirsə, Qəbələdəki nə idi? Kadinin epizodu ofsayd deyilsə, Təmkinin epizodu niyə ofsayddır? Hakimlikdən çox danışmaq olar. Bu barədə danışıb, rəqibin uğuruna kölgə salmaq istəmirəm. Biz “Zirə” olaraq tez-tez bu situasiyalarla üzləşirik.
- Qarşıda iki çətin oyununuz var: “Neftçi” və “Sabah”a qarşı...
- Əvvəldən proqnoz vermək çox çətindir. Bu gün “Qarabağ”la çempionluq mübarizəsi aparmağımız real görünmür. Mövsümün əvvəlində çoxsaylı hakim səhvləri olmasaydı, bu gün fərq az ola bilərdi. “Qarabağ”la çempionluq uğrunda mübarizə apara biləcək yeganə komanda “Neftçi”dir. Digər komandalar 2-3-cülüyə oynayır. Ağır qrafikə düşmüşük. 4 çətin oyunun 3-ü səfərdədir. Çalışacağıq ki, qarşıdakı oyunlardan xallar qazanaq.
- İkinci hissədə hesab 0:3 olduqdan sonra etdiyiniz hər iki dəyişiklik müdafiə xətti ilə bağlı idi. Bunun səbəbi nə idi?
- Elə oyun olur ki, 0:2 geridə olsan da, gedişat göstərir ki, vəziyyəti dəyişə bilərsən. Qismət Alıyevi ona görə əvəzlədim ki, qırmızı vərəqə alacağı görünürdü. Artıq növbəti oyunları düşünməyə başlamalı idim. Həm də baş verən insidentə görə ona çox əsəbləşdim. Rahil Məmmədovun yerinə Cəlal Hüseynovu meydana buraxmağıma gəlincə, müdafiədə boşluqlar var idi. Hücumda da bizdə alınmırdı. 0:2 hesabından sonra oyun, demək olar ki, bitmişdi.
- Bundan sonrakı hədəf nədir: medalçı olmaq, yoxsa avrokuboka düşmək kifayətdir?
- Mövsümün əvvəlindən hədəfim avrokuboka düşməkdir. Ancaq mükafat qazanmağı da hamı istəyər, çempion olmağı da. Nə dərəcədə alınacağını zaman göstərəcək. “Qəbələ” ilə “Sabah” da yaxşı performans göstərir. Bunu nəzərə alsaq, avrokuboka düşmək də çətindir.
- Bu gün Ramin Əhmədovun limitdə çıxış etməsi və Cəlal Hüseynovla Coşqun Diniyevin əvəzetmədən meydana çıxması nə ilə bağlı idi?
- Coşqun üzürlü səbəblərə görə həftəiçi bəzi məşqlərdə iştirak eləməmişdi. Düşündüm ki, 35-40 dəqiqə daha faydalı olar. Rəqibin də gücünü nəzərə alaraq, müdafiədə daha təcrübəli Rahil Məmmədovla başlamaq istədim. Əslində dünənə qədər heyəti müəyyənləşdirməmişdim. Səbəblər üst-üstə düşdü. Bu gün “Qarabağ” qələbəyə layiq idi. Müəyyən dəqiqələrdə ikinci qolu vurmaq şansımız ola bilərdi. Amma bu olmadıqda da heç bir şans qalmır.
- Milli fasilə sizə problem yaratmayacaq?
- Hələ heyət bilinmir. Cəlal Hüseynov U-21-ə, Davit Volkov Gürcüstan yığmasına gedir. Digər oyunçularla bağlı məlumat yoxdur. Bir tərəfdən milli üzvlərinin çox olmasını istəyirsən, digər tərəfdən oyunçuların qalıb hazırlaşmasını. Amma yığma da vacibdir. Nə qədər çox futbolçu dəvət alsa, sevinərik.
- “Benfika”nın Cəlal Hüseynovla maraqlandığı deyilirdi. Bu məsələ qapanıb?
- Yayda belə bir ehtimal var idi. Ondan öncəki qış baxışa dəvət olunmuşdu. Pandemiyaya görə gedə bilməmişdi. Yayda da deyildi ki, izləyəcəyik. Ondan sonra “Benfika”dan bir xəbər yoxdur.