“Rəşad Sadiqov məndən 6 nömrəli formanı istədi” - MÜSAHİBƏ
17.06.2014 - 11:47
“Rəşad Sadiqov məndən 6 nömrəli formanı istədi” - MÜSAHİBƏ

“Xəzər Lənkəran” klubunun müdafiəçisi Rasim Ramaldanovun apasport.az saytına müsahibəsi

 

- Məzuniyyətinizi necə keçirirsiniz?

- Ailəmlə Kiprə istirahətə yollanmışdıq. Həm Kiprdə, həm də Bakıya döndükdən sonra məşqlərimə ara vermirəm. Bakıda dəniz kənarında qaçıram, uşaqlarla birgə oynayıram. Yüngül məşqlər edirəm. Formamı itirməməyə çalışıram.

 

- Yeni baş məşqçi Oğuz Çətinin sizi “Xəzər Lənkəran”da görmək istəmədiyi deyilir. Bu, nə dərəcədə doğrudur?

- Bu haqda mən də hansısa saytda oxumuşdum. Düz yazmayıblar. Komanda ilə hələ 1 illik müqaviləm var. Kimsə getməyimlə bağlı söz deməyib. Hər şey qaydasındadır. Komandanın Türkiyədəki toplanışına gedəcəm.

 

- Haqqınızda yazılan xəbərdən sonra klub rəhbərliyindən sizinlə əlaqə saxlayan olub?

- Əlbəttə danışmışıq. Dedilər ki, yanlış xəbərdi.

 

- Baş məşqçi postundakı dəyişikliyə münasibətiniz necədir. Çətin Mustafa Dənizlinin səhvlərindən nəticə çıxara biləcəkmi?

- Yəqin ki... O, son 5 oyunda komandanın baş məşqçisi funksiyasını yerinə yetirdi. 4 oyunda qələbə qazanıb, birində heç-heçə etdik. Nəticələr pis deyildi. Şansından maksimum istifadə edəcəyini düşünürəm.

 

- Dənizli ilə Çətini müqayisə edə bilərsinizmi?

- Mən Çətini köməkçi-məşqçi kimi tanımışam. Onun baş məşqçi kimi necə hərəkət edəcəyini deyə bilmərəm. Amma uşaqlarla mehriban davranıb, hamı ilə dil tapmağa çalışırdı. Kiminlə necə danışmaq lazım olduğunu yaxşı bilirdi.

 

- Amma Çətin komandanı oyuna çıxaran vaxt sizə cəmi bir dəfə şans verib...

- İlk dəfə komandanı meydana çıxaranda qələbə qazandı. Sonra isə qalib heyəti dəyişmədi. Həmin futbolçulara şans verməyə başladı. Buna görə cəmi bir dəfə əsas heyətə salındım. Amma bunu nə iləsə əlaqələndirmək olmaz.

 

- “Xəzər Lənkəran”ın yeni transferi olan Rəşad Sadiqovun nömrə ilə bağlı sizdən xahişi olub. Onun istəyini yerinə yetirəcəksinizmi?

- Rəşad böyük qardaşımızdır. Onun bir kəlməsi, bizim üçün kifayətdir. Məndən 6 nömrəni ona verməyimi istədi. Problem deyil. Təki komanda uğurlu çıxış etsin, Rəşad özünü rahat hiss etsin. Bir-birimizi başa düşməliyik. Zəng vurdu, dedim, heç bir problem yoxdur.

 

- Adətən futbolçular eyni nömrə altında çıxış etməyi xoşlayırlar. Ötən il “Xəzər Lənkəran”a gələn vaxt özün üçün seçdiyin nömrədən belə tez imtina etməyin bir qədər gözlənilməz oldu. “6” sizin üçün doğma deyil?

- “Simurq”da oynayan zaman 3 nömrə altında çıxış edirdim. Bura gələndə bu nömrə başqa futbolçuda olduğundan, “6”nı seçdim. Rəşad isə karyerasına başlayandan 6 nömrə altında çıxış edir. Ona görə imtina etməyin yeri yox idi.  

 

- Siz hansı nömrəni seçəcəksiniz?

- “Xəzər Lənkəran”da 3 nömrə Vandersondadır. Onun komandada qalıb-qalmadığını bilmirəm. O, getsə, 3 nömrəni seçəcəm. Əks təqdirdə, başqa nömrə götürəcəm.

 

- Dünya çempionatını necə, izləyirsinizmi?

- Əlbəttə, 4 ildən bir keçirilən yarışa baxmamaq olar?

 

- İndiyə qədər baş tutan oyunlar arasında sizin üçün sürpriz hesab ediləcək matç oldu?

- İspaniya-Hollandiya qarşılaşması. İspaniyanın bu qədər top buraxacağını gözləmirdim.

 

- Hakimlərin idarəçiliyi necədir?

- Çempionat başlayan hakimlər ciddi səhvlər buraxır. Xüsusilə də penalti epizodları zamanı.  

 

- Hansı komandanı çempionluğa layiq hesab edirsiniz?

- Almaniya və Hollandiyanı.

 

0