[b]AÇ-2016: Millimizin debütünü korlayan rekordçu[/b]
27.04.2016 - 13:04
[b]AÇ-2016: Millimizin debütünü korlayan rekordçu[/b]

Fransada keçiriləcək Avropa çempionatının startına 44 gün qalıb. Apasport.az saytı qitənin ən nüfuzlu turnirinin iştirakçılarının təqdimatını Rumıniya ilə davam etdirir. Bu həftə oxucularını A qrupunun komandaları ilə tanış edən saytımız bura 3-cü səbətdən gələn “üçrənglilər”in heyətinə və keçmişinə qısa baxış imkanı yaradır.

 

Rumıniya millisi Fransaya vəsiqəni Angel Yordaneskunun rəhbərliyi altında qazanıb. 3-cü dəfə baş məşqçi postuna yiyələnən çalışdırıcı hələ 22 il öncədən bizə yaxşı tanışdı. Azərbaycan millisinin seçmə mərhələlərdəki debütü AÇ-1996-ya təsadüf edən komandamız 1994-cü ilin payızında məhz Buxarestdə uzun yola çıxmışdı. Həmin vaxt da Yordaneskunun baş məşqçisi olduğu meydan sahibləri Ağasəlim Mircavadovun çalışdırdığı yığmamızı 3 cavabsız qola qonaq etmişdi.

 

Yordaneskunun yetirmələri AÇ-2016-ya qrup ikincisi kimi yüksəlsə də, ən keçilməz müdafiə kimi ad çıxarıb. Belə ki, seçmə mərhələdə çıxış edən 53 komanda arasında hamıdan az qolu məhz onlar buraxıb. Səfərdəki 5 matçda ümumiyyətlə qapısını toxunulmaz saxlayan Rumıniya 10 oyunda cəmi 2 topa üzülüb. Məhsuldarlığı aşağı olan komanda 11 dəfə fərqlənsə də, etibarlı müdafiə xətti nəticə qazanmaq üçün yetərli olub. Onlar İtaliya, Avstriya və İngiltərə ilə birlikdə seçmə mərhələnin 4 məğlubedilməzindən biridi.

 

Amma bu uğurda bəxt amili də qeyd olunmalıdı. Çünki Rumıniyalı aşkar favoriti olmayan qrupa düşmüşdü ki, 1-ci səbətdən bura düşən Yunanıstan sonda sonuncu pilləni tutub. Yordaneskunun komandası isə Ellada təmsilçisi və Farer adaları kimi autsayderlərə də qol vurmaqda çətinlik çəkib. Təsadüfi deyil ki, 11 oyunda 10 qol vuran komandanın ən yaxşı bombardirinin hesabında cəmi 2 top olub. Buna da 3 oyunçu – Boqdan Stanku, müdafiəçi Paul Papp, əsas heyət üzvü sayılmayan Konstantu Budesku imza atıb.

 

Əslində, Rumıniya üçün final mərhələsinə yüksəlmək də uğur sayılmalıdı. Nəsildəyişməni çox ağır yaşayan komanda AÇ-2008-dən sonra baş tutan son 3 böyük turniri seçmə mərhələdə başa vurmuşdu. Ən böyük uğurları ötən əsrdə qalan komanda AÇ-2000 və DÇ-1994-də 1/4 finaladək irəliləyib. Elə bu uğurların da memarı məhz Yordanesku olub ki, Georgi Hacı, Dan Petresku, Marius Leketuş kimi ulduzlar onun rəhbərliyi altında çıxış edib.

 

Həm də “sarılar” kimi tanınan yığmanın heyətində də arxa xətt xüsusi diqqət çəkir. Ucaboy qapıçı Çiprian Tataruşanu İtaliyanın A seriyasında da uğurla çıxış edir. “Çərçivə”də və çıxışlarda ən yaxşılardan olan əlcək sahibinin zəif nöqtəsi uzaqdan zərbələrdi. Elə onun əvəzləyicisi Kostel Pantilimon da eyni keyfiyyətləri ilə seçilir.

 

Müdafiənin sağında 189 sm boya malik Pail Papp, mərkəzində Draqoş Qriqore və Vlad Kirikeş, solunda isə təcrübəli Razvan Rats “dördlüy”ü demək olar ki, əvəzolunmazdı. Dağıdıcı oyunla az qol buraxmağı sevən təcrübəli mütəxəssis iki dayaq yarımmüdafiəçisini də planına uyğun şəkildə seçib. Burada daha çox Ovidiu Xobanla Mihay Pintiliy çıxış edir. Luçian Sanmartian isə orta sahədə yaradıcı oyuna cavabdeh simadı. Lakin onun klub karyerasını Asiyada davam etdirməyə qərar verməsindən sonra Andrei Prepelitsa da bu mövqedə çıxış edir.

 

Güclü zərbələrə malik, bəstəboy Qabriel Torje yarımmüdafiənin sağında, sürətli Aleksandru Maksim isə solunda hücuma dəstək verir. Hücumda isə eksperiment etməkdən yorulan mütəxəssis hələ də istədiyini tapa bilmir. Nə Klaudio Keşeru, nə də Boqdan Stanku ümidləri doğruldur. Məhz ön xəttin cılızlığı üzündən rumıniyalılara Fransa, İsveçrə kimi rəqiblərlə duellərdə zəif göstərir. Qısa müddətdə hücum xəttində problemi həll edəcək futbolçu tapılmasa, onlar 1/8 finala qrup üçüncüsü kimi çıxmaqdan artığına ümid edə bilməyən.

 

FİFA reytinqində: 19-cu yer

Ləqəbi: Üçrənglilər, Karpat uşaqları, Cücələr, Sarılar

İlk oyun: Yuqoslaviya – 2:1 (1922)

Ən böyükhesablı qələbə: Finlandiya – 9:0 (1973)

Ən böyükhesablı məğlubiyyət: Macarıstan – 0:9 (1948)

Titulları: yoxdu

Ən çox oyun: Dorinel Muntyanu (134)

Ən çox qol: Georgi Hacı, Adrian Muru (hər ikisi 35)

Final mərhələsinə yolu: F qrupunda II yer: 5 qələbə, 5 heç-heçə, top fərqi 11-2, 20 xal

Şimali İrlandiya - 2:0, 0:0*        

Macarıstan – 1:1, 0:0

Finlandiya – 1:1, 2:0

Farer adaları – 1:0, 3:1

Yunanıstan – 0:0, 1:0

* - əvvəl ev, sonra səfər oyunu

Əvvəlki Avropa çempionatlarında:

1960 – final mərhələsinə yüksələ bilməyib

1964 – final mərhələsinə yüksələ bilməyib

1968 – final mərhələsinə yüksələ bilməyib

1972 – final mərhələsinə yüksələ bilməyib

1976 – final mərhələsinə yüksələ bilməyib

1980 – final mərhələsinə yüksələ bilməyib

1984 – Qrup mərhələsi

1988 – final mərhələsinə yüksələ bilməyib

1992 – final mərhələsinə yüksələ bilməyib

1996 – Qrup mərhələsi

2000 – 1/4 final

2004 – final mərhələsinə yüksələ bilməyib

2008 – Qrup mərhələsi

2012 – final mərhələsinə yüksələ bilməyib

Baş məşqçi: Angel Yordanesku

Kapitan: Razvan Rats

AVRO-2016-da oyunları:

10 iyun. 23:00. Fransa – Rumıniya

15 iyun. 20:00. Rumıniya – İsveçrə

19 iyun. 23:00. Rumıniya – Albaniya

 

 

 

 

 

0