[b]Robert Prosineçki: Raufun yoxluğu hücumçu problemini yaratmayacaq - MÜSAHİBƏ[/b]
27.03.2015 - 20:59
[b]Robert Prosineçki: Raufun yoxluğu hücumçu problemini yaratmayacaq - MÜSAHİBƏ[/b]

“5 gündü komanda bir yerdədi. Hazırlıqdan razıyam. Sabahkı oyunu böyük həvəslə gözləyirik. İstərdim ki, bu gün oynayaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

 

Xorvatiyalı çalışdırıcı sabah Malta ilə keçiriləcək rəsmi oyuna hazır olduqlarını bildirib: “Bizə qələbə lazımdı. Futbolçularıma inanıram. Ab-hava yaxşıdı. Əgər öz oyunumuzu göstərə bilsək, qələbə qazanacağıq. Mən buna inanıram”.

 

- “Neftçi”dən niyə futbolçu çağırmadız?

- Bu suala artıq bir dəfə cavab vermişəm. Təəssüflər olsun ki, Malta ilə oyuna “Neftçi”dən heç kim çağırılmadı. Mən milliyə yaxşı formada olanları dəvət etmişəm.

 

- Millidə hücumu problemi var. Rauf Əliyevi də çağırmadız...

- Rauf hazırda yaxşı formada deyil. Amma bu o demək deyil ki, gələcəkdə onu çağırmayacam. Raufun yoxluğu hücumçu problemini yaratmayacaq. Komanda hazırdı, motivasiya yüksəkdi. Raufun da gələcəkdə özünü göstərnək üçün şansı olacaq. Hazırda yaxşı formada deyil.

 

- Futbolçularda qələbə ruhunu nə dərəcədə formalaşdıra bilmisiz?

- Mən çox razıyam. Mən istədiyimi məşq prosesində görürəm. İnanıram ki, futbolçular sabah çıxıb öz potensiallarını göstərə biləcəklər.

 

- Demişdiz ki, öz klubunda oynamayan futbolçunu milliyə çağırmayacaqsız. Emil Balayev, Vaqif Cavadov, Eddi İsrafilov bəs niyə milliyə dəvət alır? Onların yerinə Rauf Əliyev və Nurlan Novruzovu çağırmaq olardı...

- Mən demişəm ki, əsas heyətdə klublarında oynayanlar yer alacaq. Səlahət millidən kənarlaşdırıldığı üçün Emili çağırdım. “Neftçi”nin son oyunlarını görmüsüz? Biz təkcə sabahkı oyunu yox, gələcəyi fikirləşirik. “Neftçi”dən heç kimi çağırmamağım görürəm ki, böyük problem yaradıb. Qaldı ki Nurlana, dəfələrlə cavab vermişəm. Bilirəm bombardirdi, amma mənim sistemimə uyğun oyunçu deyil  Məhəmməd Qurbanovda daha çox potensial görürəm.

 

- Sabah əsas heyətdə kimlər yer alacaq?

- Kamran Ağayev, Maksim Medvedev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Namiq Ələsgərov, Əfran İsmayılov, Vüqar Nadirov.

 

- Sabahkı oyunla bağlı planlarınızı nə poza bilər?

- Ümid edirəm ki, heç nə və heç kim. Komandama inanıram. Ümid edirəm ki, sabah stadion dolu olacaq və biz evə qələbə ilə gedəcəyik.

 

- İlk dəqiqələrdən rəqibi təzyiq altına salmağı planlaşdırırsız, yoxsa komandamız matçın əvvəlində səbrli davranacaq?

- Tez qol vurmağa çalışacağıq. Alınmasa da, soyuqqanlı olub, vaxtımızı gözləməliyik.

0