[b]Kaue da Silva: “Neftçi”yə kənardan baxmaq çox çətindi -[/b]
06.07.2015 - 13:25
[b]Kaue da Silva: “Neftçi”yə kənardan baxmaq çox çətindi -[/b]

“Neftçi” klubunun futbolçusu Kaue da Silvanın apasport.az saytına müsahibəsi

 

- “Neftçi” “Mladost”la ilk oyunda qələbəyə yaxın olsa da, üstünlüyünü qoruya bilmədi. Matçı kənardan izləyən şəxs kimi, komandada hansı problemlərin olduğunu düşünürsüz?

- Adətən mövsümün ilk oyunu ağır keçir. Üstəlik, mövsümlərarası fasilədə komandada çox dəyişiklik oldu. İndi gənc futbolçularımız çoxluq təşkil edirlər. Onlar sürətli oyuna üstünlük verirlər. Öz meydanımızda qələbə qazana bilməsək də, heç nə bitməyib. Çünki Monteneqroda cavab görüşü var. Orada qələbə qazanacağıq. Buna inanıram.

 

- Yerli azarkeşlər “Neftçi”dən hər dəfə qələbə gözləyirlər. Amma doğma meydanda onları, demək olar ki, sevindirə bilmirsiz. Sizcə, niyə?

- Bir şeyi unutmayın, “Neftçi”də son vaxtlar klubun prezidentindən tutmuş, baş məşqçisinə, oyunçularına qədər çox dəyişiklik oldu. Təbii ki, hər bir dəyişiklik təsirsiz ötüşmür. Yaxşı təşkilatçılıq sayəsində komanda özünü toparlayır. Heyətimizdə yer alan gənc futbolçular özlərini yaxşı tərəfdən göstərdilər. Onlar perspektivli oyunçulardı. Həm də bu, futboldu, hər cür nəticə qeydə alına bilər. İlk oyunlar çətin keçir. Havanın isti olmasının da təsiri oldu. Yenə deyirəm, azarkeşlərin qələbə istəyini başa düşürəm, amma cütün taleyi həll edilməyib. Səfərdə qazanılacaq qələbə bizi ikinci mərhələyə yüksəldəcək.

 

- “Mladost” necə komandadı? Onları üstələmək mümkündümü?

- İstənilən rəqibə hörmətlə yanaşmaq lazımdı. Deyə bilmərik ki, onlar çox zəifdilər. Çünki bu, əlehimizə işləyə bilər. Hazırlaşmalıyıq. Cavab oyununda vəziyyəti xeyirmizə dəyişməliyik. Buna inanırıq.

 

- İyulun 9-da Bakıda edə bilmədiyinizi Podqoritsada reallaşdıracaqsızmı?

- Bilirik ki, bizdən qələbə gözləyirsiz. Bizə də qələbə lazımdı. Çünki mərhələ keçmək üçün başqa yolumuz yoxdu. Komanda olaraq buna inanırıq. Hər şey qaydasındadı. Cəza üzündən ilk oyunu buraxan futbolçular da komandaya kömək edə biləcəklər.

 

- İlk oyunu tribunadan izlədiz. Futbolçu üçün hansı çətindi; meydanda oynamaq, yoxsa matça tribunadan baxmaq?

- Futbolçu üçün meydanda olmaq daha asandı. Cəzalı olduğuma görə, ilk görüşdə oynaya bilmədim. “Neftçi”yə kənardan baxmaq çox çətindi. Təbii ki, heyəti baş məşqçi qurur. Şans verilsə, əlimizdən gələni edəcəyik. “Neftçi” mərhələ adlayacaq və biz də ona kömək edəcəyik.  

0