[b]Merin adını daşıyan, Belçika yığmasının çökdüyü arena[/b]
22.07.2016 - 14:55
[b]Merin adını daşıyan, Belçika yığmasının çökdüyü arena[/b]

Avropa Liqasının III təsnifat mərhələsində “Lill”ə rəqib olan “Qəbələ” ilk oyununu səfərdə keçirəcək. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın Fransa klubu ilə birinci görüşünün keçiriləcəyi “Pyer Morua” stadionu ölkənin ən məşhur arenalarından sayılır.

 

1956-cı ildə istifadəyə verilən stadion əvvəlcə “Qrand Steyt Lill Metropol” adlanmağa başlayıb. 2013-cü ildə isə arenaya həmin vaxt dünyasını dəyişən Lill şəhərinin sabiq meri (1973-2011) və Fransanın keçmiş baş naziri (1981-1984) Pyer Moruanın adı verilib.

 

2009-2012-ci illərdə yenidənqurma işləri aparılan arenanın açılışı 4 il öncə, avqustun 17-də olub. Yenidənqurma işlərinə 282 milyon avro xərclənib. 50 min 186 tamaşaçı tutumuna malik olan stadion Fransanın ən böyük 4-cü arenasıdı.

 

AÇ-2016-da “Pyer Morua” istifadə edilən stadionların sırasında olub. Təsadüfi deyil ki, turnirin 6 qarşılaşması bu arenada keçirilib. Qrup mərhələsinin 4 oyunu (Almaniya – Ukrayna – 2:0, Rusiya – Slovakiya – 2:1, İsveçrə - Fransa – 0:0, İtaliya – İrlandiya – 0:1), həmçinin 1/8 finalın (Almaniya – Slovakiya - 3:0) və 1/4 finalın (Uels – Belçika – 3:1) 1 görüşünə “Pyer Morua” qucaq açıb.

 

Avropa çempionatında bu arena almanlar üçün düşərli olub. Belə ki, Bundestim turnir çərçivəsində “Pyer Morua”a keçirdiyi hər iki görüşü qələbə ilə başa çatdırıb. 6 görüşdən yalnız 1-də heç-heçə qeydə alınıb ki, o da ev sahibi Fransanın İsveçrə ilə keçirdiyi matça təsadüf edib.

 

“Pyer Morua”da futboldan əlavə, basketbol görüşləri də baş tutub. 2015-ci ildə basketbol üzrə Avropa çempionatının pley-off oyunları məhz bu arenada keçirilib.

 

Bundan əlavə, 2013-cü ildə “Diamonds World Tour” çərçivəsində stadionda tanınmış müğənni Rihannanın konserti baş tutub. 

0