163 dəqiqəlik legioner
22.02.2017 - 18:42
163 dəqiqəlik legioner

Yenidən Azərbaycana qayıdan Samir Məsimovun ölkə xaricindəki karyerası 6 oyundan ibarət olub. Apasport.az saytının məlumatına görə, 2015/16 mövsümünün gedişində “Neftçi”dən ayrılan milliləşən legioner AZAL-a keçənədək yalnız Sloveniya “Domjale”sində çıxış edib.

 

Cari mövsümün arxada qalan hissəsini boşa verən yarımmüdafiəçi ancaq ötən futbol ilində komandasına lazım olub. O, 2015/16 mövsümündə “Domjale”də 5 çempionat və 1 kubok qarşılaşmasının iştirakçısı kimi meydana çıxıb.

 

Çempionatda 118, kubokda 45 dəqiqə çıxış edən futbolçu 163 dəqiqəlik legioner həyatında 1 qırmızı vərəqə də görüb. Bu da çempionat matçına təsadüf edib.

 

Ötən il mayın 16-da keçirilən “Selye” ilə ev oyununda meydandan qovulan Samir 9 aydan çoxdu ki, rəsmi matçlarda iştirak etməyib.

 

Bu qədər müddəti boşa verən yarımmüdafiəçinin ölkəmizdəki son oyunu isə 2015-ci il dekabrın 20-nə təsadüf edib. Həmin gün “Neftçi”nin heyətində səfərdə “Kəpəz”ə qarşı forma geyinib.

0