[b]“Azərbaycanın bir nömrəsi mənəm” - MÜSAHİBƏ[/b]
10.01.2018 - 15:50
[b]“Azərbaycanın bir nömrəsi mənəm” - MÜSAHİBƏ[/b]

Azərbaycan millisinin milliləşdirilmiş amerikalı fiqurlu konkisürəni Morqan Fludun apasport.az saytına müsahibəsi

 

- Artıq neçə müddətdi Azərbaycan millisində çıxış etsəz də, ölkəmizdəki idmansevərlər sizi yaxşı tanımır. Fiqurlu konkisürməyə gəlişinizin tarixçəsi onlara da maraqlıdı...

- İlk dəfə buz üzərinə 5 yaşımda çıxmışam. Bu, dostlarımdan birinin ad günü münasibətilə təşkil olunan mərasimdə baş verdi. Həmin vaxtdan da fiqurlu konkisürməni sevdim.

 

- Azərbaycan millisini seçməyinizdə həlledici rolu hansı məqam oynadı? Bu təklifi nə vaxt aldız?

- Bir neçə il öncə mənə Azərbaycan yığmasının sabiq fiqurlu konkisürəni İqor Paşkeviçlə görüşmək xoşbəxtliyi nəsib oldu. O Azərbaycanı Olimpiadada da təmsil edib. Artıq dünyasını dəyişən Paşkeviç ABŞ millisindəki çıxışlarımı izlədiyindən məni yaxşı tanıyırdı. Bir neçə il yazışdıq. Məhz o məndən Azərbaycan yığmasında çıxış etməkdə maraqlı olub-olmadığımı soruşdu. Bu da sonda mənim Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının rəsmisi Fuad Quliyevlə görüşümə gətirib çıxardı. O da mənə beynəlxalq yarışlarda bu ölkənin şərəfini qorumağı təklif etdi. Belə bir təklif üçün ona minnətdaram.

 

- Azərbaycanın şərəfini qorumaq təklifi alanda ölkəmiz haqda hansı məlumata malik idiz?

- Bu təklifi alanda Azərbaycan haqda təsəvvürlərim yetərincə idi. Hətta bu ölkənin mənə tanış olduğunu da deyə bilərəm. Bunadək Azərbaycanı təmsil edən bir neçə keçmiş fiqurlu konkisürənlə görüşmüşdüm. Onlar da mənə təəssürat və xatirələrini bölüşmüşdülər. Təbii ki, orta məktəbdə təhsil aldığım vaxtlarda da Azərbaycan haqda müəyyən biliklər əldə etmişdim. Amma Bakıya ilk səfərimdən sonra bütün məlumatlarım daha da zənginləşdi. Orada bəzi tanınmış insanlarla görüşlərim, müəyyən yerləri ziyarət etməyim azərbaycanlılar haqda biliklərimi də artırdı.

- Deməli, siz artıq Bakıda olmusuz...

- Bəli. 2016-cı ilin mayında Bakıya gəlmişdim. Bu, möhtəşəm hisslər idi. Mən mədəniyyət, tarixi arxitektura, həmçinin müasir binalara heyran oldum. Ölkədə idmana olan maraq da diqqətimi çox çəkdi. İlk Avropa Oyunları zamanı istifadə olunan idman obyektlərini izləmək də çox diqqətçəkici idi. Azərbaycanın paytaxtı çox gözəldi.

 

- Amma idmana böyük maraq olan Azərbaycanda fiqurlu konkisürmə populyar deyil. Bu sizin karyeranıza necə təsir edir?

- Bəli, siz haqlısız. Amma ölkədə çox sayda əla idmançılar var. Onların demək olar ki, hamısı yay idman növləri üzrə ixtisaslaşıb. Hesab edirəm ki, fiqurlu konkisürmə növünün Azərbaycan idmanında önəmli yer tutmasında pay sahibi olmaq imkanım var. Hədəflərimdən biri bu idman növünün Azərbaycandakı səfiri olmaq, həm də ölkə gənclərinin idmanını təmsil etməkdi. Bu, əla növdü. Fiqurlu konkisürmənin Azərbaycanda inkişaf etməsini görmək istəyirəm.

 

- Artıq komandamızın heyətində bir neçə dəfə fəxri kürsüyə yüksəlmisiz. Bir qədər öncə Abu-Dabidə baş tutan “FBMA Trofi-2018”də ikinci yeri tutduz. Yığmamızda gələcək planlarınız necədi? Nə vaxtsa böyük yarışlarda medal qazanmağınız mümkündümü?

- Çox istərdim ki, məni Olimpiya təsnifat turnirinə göndərsinlər. Amma təəssüf ki, bu tsikldə mənim yerimə başqa yarışa başqa idmançı qatıldı. Bu ilə gəldikdə, hədəfim Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək gənclər arasında dünya çempionatı, həmçinin İtaliyanın Milan şəhərində baş tutacaq dünya çempionatında Azərbaycanı layiqincə təmsil etməkdi. Gələcəkdə Azərbaycanı Olimpiadalarda və digər böyük yarışlarda da təmsil etməyi arzulayıram.

 

- Bu ay Rusiyada Avropa çempionatı olacaq. Bəs adınız sifariş ərizəsində niyə ehtiyat idmançı kimi göstərilib?

- Bu, mənim üçün də böyük bir sualdı. Həqiqətən də bunun cavabını bilmirəm. Avropa çempionatına vəsiqə qazansam da, Azərbaycan Fiqurlu Konkisürmə Federasiyası yenə də başqa idmançını (Kim Çeremskini nəzərdə tutur - red) sifariş edib. Məni əvəzləyici kimi siyahıya yazıb. Böyük ölkələrdən fərqli, Azərbaycan öz milli çempionatına malik deyil. Belə bir yarış ən güclü idmançını müəyyənləşdirib, Qış Olimpiya Oyunları və dünya çempionatı kimi bir yarışlarda ölkəni kimin təmsil etməsini ortaya qoyardı. Amma müxtəlif turnirlərdəki nəticələrə və xal hesabına baxsaq, Azərbaycanın ən yüksək səviyyəli, 1 nömrəli xanım fiqurlu konkisürəni mənəm.

- Yaxın illərdə ölkəmizə gəlməyiniz, hətta burda yaşamağınız mümkündümü?

- Yenidən Azərbaycana qayıdacağıma çox ümid edirəm. Hətta ola bilər ki, karyeram bitdikdən sonra daha uzunmüddətli səfərə gəlim. Hazırda isə Azərbaycanın idman şərəfini beynəlxalq yarışlarda qorumağa davam edib, bu növünü qalxmasında pay sahibi olacam. 

0