Səkkiz nəfər futboldan kənarlaşdırıldı
22.11.2008 - 13:29
Səkkiz nəfər futboldan kənarlaşdırıldı
Ötən mövsüm hakimləri almaları haqda açıqlama verən Aleksey Savçenkonun işi üzrə təhqiqatların birinci mərhələsi yekunlaşıb. Apasport.az saytının məlumatına görə, Ukrayna Futbol Federasiyasının (FFU) İcraiyyə Komitəsi məsələni tam araşdırdıqdan sonra sənədləri prokurorluğa təqdim etmək qərarına gəlib.

Xatırladaq ki, iki ay əvvəl Savçenko komandasının uğursuz çıxışına səbəb kimi artıq rüşvət vermədiyini göstərmişdi: “Ötən mövsüm dördüncü yeri tutsaq da, oynayan “Desna” yox mənim pullarım idi. Hər matçda hakimlərə 5-15 min dollar ödəyirdim. Mən həmin hakimlərin soyadlarını da bir-bir çəkə bilərəm”.

Məsələni araşdıran FFU-nun Ədalətli Oyun Komissiyası (ƏOK) bu işdə ötən mövsümkü baş məşqçi Sergey Kuçerenko və komandanın direktoru Yevgeni Olefirenkonun da bu işdə əli olduğunu müəyyənləşdirib. Bundan başqa, komissiya üzvləri “Desna”nın ötən ilki bütün oyunlarının video yazılarını təhlil edərək nəticəyə təsir edən kobud hakim səhvlərinin səbəbkarlarını üzə çıxarıb.

Olefirenko və Kuçerenko ilə yanaşı, həmin səhvləri buraxan Anatoli Abdulla, Sergey Boyko, Vyaçeslav Jukov, Aleksandr Lutsenko, İqor Poduşkin haqda qərar qəbul olunub. Onlar ən azı istintaq bitənədək futboldan kənarlaşdırılıb. Məsələnin ardını isə FFU deyil, prokurorluq araşdırmalıdır. Lakin bu qərarın özü də qalmaqalla müşahidə olunub. Sonda Savçenkonun da adı bu siyahıya daxil edilib.

Federasiya prezidenti Griqori Surkis Savçenkonun da cəzalanmağını tələb edib. Komissiyanın rəhbəri Yevgeni Koçetkov isə həqiqəti üzə çıxaran adamın cəza yox, xəbərdarlıqla kifayətlənməsini məqbul sayıb. Surkis narazılıq edən Koçetkova İcraiyyə Komitəsinin növbəti iclasında vəzifəsindən azad olunacağını da bildirib. O vaxtadək isə komissiya rəhbəri digər qalmaqallı açıqlamanı – “Lvov”un prezidenti Yuri Kondzerskinin dediklərini araşdırmaq tapşırığı alıb.

Hakimlər Komitəsinin sədri Vadim Şevçenko qərarı anlaşılmazlıqla qarşılayıb: “Boykonun rüşvət almağı nonsensdir. Axı o, həm də rayon sovetinin deputatıdır”. İttiham olunan hakimlərdən olan Jukovun məsələyə reaksiyası da oxşar olub: “Desna”nın cəmi bir oyununu idarə etmişəm. Onların bir futbolçusunu meydandan qovub, qapılarına penalti təyin etmişəm. Mənə pul versəydilər, belə niyə edirdim?”

Qeyd edək ki, istintaq cinayət faktını təsdiqləsə, ömürlük futboldan kənarlaşdırılmaqla yanaşı, rüşvət verənləri 8, alanları isə 12 illik həbs cəzası da gözləyir.
0