Rusiyada 23 yaşlı azərbaycanlı idmançını güllələdilər
16.12.2008 - 16:32
Rusiyada 23 yaşlı azərbaycanlı idmançını güllələdilər
Qaydasız döyüş (pankration) üzrə Rusiya çempionu Zakir Lələşov qətlə yetirilib. Apasport.az saytının məlumatına görə, 23 yaşlı azərbaycanlı idmançı Krasnoyarsk yaxınlığında başından güllələnib. Bədbəxt hadisə Açinsk şəhərində baş verib.

Zakirin məşqçisi Azad Orazmuradov hadisəni belə təsvir edib: “Onu həyətdə Abakandan gələn tanışları gözləyirdilər. Yəqin, onların arasında mübahisə yaranıb ki, bu da yetirməmin öldürülməsi ilə nəticələnib. Ən acınacaqlısı odur ki, cinayətkarlar hələ də tutulmayıblar. Onlar Sibirdən, bəlkə də artıq Rusiyadan çıxıb gediblər. Prokurorluqdan isə bildirirlər ki, şübhəli şəxslər olsa da, hələlik həbs edilən yoxdur”.

Hadisə haqda məlumat verən Novosibirsk Pankration Federasiyasının prezidenti, üçqat dünya çempionu Anatoli Merenkov bunları söyləyib: “Zakir maşında sürücünün yanında oturubmuş. Arxadan maşınla gələn adam tapança ilə onun başına və sağ gicgahına güllə ilə vurub. Bundan sonra Zakirin meyiti yolun kənarına atılıb”.

Qeyd edək ki, Zakirin meyiti gec tapılıb. Axtarış məqsədilə xəstəxana və meyitxanalara zəng vuran həyat yoldaşı ərinin cəsədini sonradan tanıyıb. Zakirin bu faciəli ölümündən valideynləri hələ də bixəbərdirlər. Bu dəhşətli xəbər haqda onlara bu gün axşam məlumat veriləcək. Sabah isə Zakirin meyiti Azərbaycana gətiriləcək.
0