Azərbaycanlı voleybolçu Moskvada mükafat aldı
24.12.2008 - 13:28
Azərbaycanlı voleybolçu Moskvada mükafat aldı
Rusiya Voleybol Federasiyasının (RVF) Moskva şəhərindəki ofisində tədbir keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan voleybolunun yetirməsi İnna Rıskal da iştirak edib.

RVF 1968-ci ildə Mexiko şəhərində təşkil olunan Yay Olimpiya Oyunlarının qızıl medalını qazanan SSRİ yığmasının üzvlərini mükafatlandırıb. Həmin heyətdə yer alan Rıskala da mükafat təqdim edilib.

Xatırladaq ki, Rıskal 1944-cü ildə Bakıda anadan olub. Voleybolun sirlərinə mərhum Şamil Şamxalovun rəhbərliyi altında “Neftçi” İdman Cəmiyyətində yiyələnib. Tokio (1964) və Monreal (1976) olimpiadalarının gümüş, Mexiko (1968) və Münhendə (1972) təşkil olunan analoji yarışların qızıl mükafatçısı olub. 1968-ci ildə SSRİ-nin əməkdar idman ustası adına yiyələnib. Hazırda Rusiyada yaşayan Rıskal karyerası ərzində bir neçə dəfə dünya və Avropa çempionu olub.
0