“Neftçi” – “Qarabağ” oyununda baş verənlərlə bağlı qərar çıxarıldı
01.05.2009 - 14:04
“Neftçi” – “Qarabağ” oyununda baş verənlərlə bağlı qərar çıxarıldı
Apelyasiya və Ekspert Komitəsi Premyer Liqanın XXIII turunda baş verənlərdən narazı olan “Neftçi” klubunun şikayətinə baxıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, komitənin bu gün keçirilən iclasında bakılıların narazı qaldığı məsələ ilə bağlı qərar çıxarılıb.

Belə ki, aprelin 26-da keçirilən “Neftçi” – “Qarabağ” oyunu idarə edən Rövşən Əhmədovun işindən narazı qalan Flaqman İntizam Komitəsinə (İK) müraciət etmişdi. “Neftçi” həm hakimlərin cəzalanması, həm də onun göstərdiyi vərəqələrlə bağlı qərarlarına baxılmasını istəmişdi. Bakılılar sarı vərəqə göstərilən Dmitri Kruqlovun xəbərdarlığının ləğv olunmasını, Əhmədovun göz yumduğu Zaur Ramazanovun hərəkətinin isə qırmızı vərəqə ilə cəzalandırılmağını vacib sayırdı.

Lakin İK qeyd olunan epizodda hakimin göstərdiyi vərəqələrin düzgün olması ilə bağlı qərar çıxarmışdı. Bununla əlaqədar, “Neftçi” aprelin 29-da AFFA rəhbərliyinə ünvanladığı müraciətdə İK qərarına Apelyasiya və Ekspert Komitəsi tərəfindən baxılmasını xahiş etmişdi. Bu komitə isə öz növbəsində bu məsələni müzakirə edərək təkrarən baxılması üçün yenidən İK-ə göndərib.
0