Türkiyəli FİFA agenti: İki futbolçunuz maraq dairəmizdədir – MÜSAHİBƏ
17.06.2009 - 13:52
Türkiyəli FİFA agenti: İki futbolçunuz maraq dairəmizdədir – MÜSAHİBƏ
Bülənt Korkmazın meneceri, türkiyəli FİFA agenti Günal Akçanın apasport.az saytına müsahibəsi

- Transfer çalışmalarınızda Azərbaycanla bağlı nəsə varmı?
- Hələlik sizinlə əlaqəli bir şey yoxdur. İstər futbolçularla, istərsə də məşqçilərlə bağlı.

- “Qalatasaray”ın sabiq baş məşqçisi Bülənt Korkmazın meneceri olduğunuzu bilirik. Azərbaycan klublarından təklif aldığını deyən Korkmaz bizə müsahibəsində bu işlə menecerlərin məşğul olduğunu bildirmişdi...
- Açığı, ölkənizdən hər hansı rəsmi təklif almamışıq. Ancaq Korkmaz hər şeyi bizə söyləməz. Azərbaycandan kimsə mənimlə əlaqə saxlayarsa, bu haqda ona məlumat verirəm. Amma klublarınızdan hansısa təklif yoxdur. Nə rəhbərlik, nə də başqa səviyyədə.

- Belə çıxır ki, Korkmazın “Xəzər-Lənkəran”ın baş məşqçi postuna keçmək variantı olmayıb...
- Xeyr, olmayıb. Bizə bu komandadan təklif gəlməyib. Amma xaricdən dəvət var.

- Bəs bunlar hansı klublardır?
- İndi ad açıqlamaq düzgün olmazdı. Çünki Türkiyədə, Superliqada iştirak edən bir-iki klubla danışıqlar gedir. Korkmaz hələ UEFA kubokunda “Hamburq”a məğlubiyyətdən sonra istefa verməyə hazır idi. Ancaq mövsümü sonadək başa çatdırmaq daha məqsədəuyğun sayıldı və şərtlərlə bağlı anlaşma olmadığı üçün klubdan getdi.

- Bildiyimizə görə, “Qalatasaray”ın müdafiəçisi Əmrə Aşığın da menecerisiniz. Onun yeni mövsümdə Azərbaycanda çıxış etməsi mümkündür?
- Yox. Çünki klubu ilə anlaşmaq istəyir. “Qalatasaray” tərəfdarları da Əmrənin qalmasını arzulayır. Buna görə də yeni mövsüm üçün Aşığın ölkənizdə oynaması mümkün deyil.

- Hər halda Əmrə qış fasiləsində “Bakı”nın maraq dairəsinə düşmüşdü...
- Doğrudur. Mövsüm bitəndən sonra bununla bağlı danışıqlar olmalı idi. Amma “Qalatasaray” rəhbərliyi qərara gəlib ki, Əmrəni buraxmasınlar. Böyük ehtimalla o, futbol həyatını bu komandada davam etdirəcək. Yeri gəlmişkən, “Qalatasaray”da oynayan Yasərin də meneceriyəm. Türkiyədə çıxış edən digər futbolçularımız, o cümlədən əcnəbilərlə də əməkdaşlıq edirəm.

- Bu ilin martında “Bakı”nın dəvətini qəbul edərək Bülənt Korkmazla birgə Azərbaycana gəlmişdiniz. Bundan sonra əməkdaşlıqla bağlı danışıqlar olubmu?
- Olmayıb. Bizim orada sevimli dostlarımız var. İstər vitse-prezident Tunc Afşar, istərsə də klubda başqa vəzifədə, aşağı yaş qruplarından ibarət komandalarda çalışan digər həmyerlilərimiz. Səfər zamanı “Bakı” rəhbərliyinin gördüyü işlərlə tanış olduq və futbolun inkişafı ilə bağlı həyata keçirdikləri layihələri təqdirəlayiq sayırıq. Onlara gələcək işlərində uğurlar arzulayırıq.

- Korkmaz Asiyadan, eyni zamanda 1-2 Azərbaycan komandasından təklif aldığını demişdi...
- Hazırda belə bir şey yoxdur. Dəqiq bir şey olsaydı, bunu bilərdim. Özbəkistandan bir klubdan təklif var. Korkmaz Asiya deyəndə yəqin bu ölkəni nəzərdə tutubmuş. Bildiyiniz kimi, özbəklər də futbolun inkişafı ilə böyük işlər görürlər, böyük sərmayə qoyurlar. Amma Korkmaz Özbəkistana elə də maraqlı deyil.

- Bəs Azərbaycan?
- Korkmaz Azərbaycanda çalışmaqda daha maraqlıdır. O, Bakıya gəlişi zamanı gördüklərinə təəccübləndi. Özünə qarşı bu qədər diqqət gözləmirdi. Azərbaycanda “Qalatasaray”ı bu qədər sevmələri Korkmazı heyrətləndirdi.

- Sizcə, Korkmazın müqavilə şərtlərini, maddi məsələləri Azərbaycan klubları ödəyə bilərmi?
- Məncə ödəyə bilərlər.

- Korkmaz bir illik müqaviləyə təxminən nə qədər pul istəyər?
- Bununla bağlı hansısa şərh verə bilmərəm.

- Siz Korkmazla yanaşı, başqa hansı mütəxəssislərin menecerisiniz?
- Bir sıra belə məşqçilərlə görüşlərimiz olur. Bunlar arasında Bülənt Korkmazla uzun müddət “Qalatasaray”da bir yerdə çıxış edən Arif Ərdəm də var.

- Bəs Ərdəmin ölkəmizdə çalışmaq variantı olubmu?
- Yox. Bildiyiniz kimi, o, hazırda “İstanbul Böyükşəhər Bələdiyyəspor” klubunda çalışır. Ərdəm bu komandada Abdullah hocanın köməkçisidir. Onun rəhbərlik etdiyi məşqçilər korpusunda yer aldığı üçün hətta Türkiyədən gələn təklifləri də rədd edir. O, ölkə xaricinə çıxmaq, orada çalışmaq üçün özünü tam hazır vəziyyətə salmağa çalışır. Yəni, Ərdəm daha bir il də buradadır.

- Bu il Türkiyə Superliqasında “Kocaelispor” klubunun heyətində çıxış edən futbolçularımız Rəşad Sadıqovla Ramal Hüseynovu tanıyırsınızmı?
- Bəli. Onların oyununu izləmişəm.

- Onlara özlərinə yeni klub tapmaqda yardımçı ola bilərsinizmi, yoxsa bu işlə başqa menecerlər məşğul olur?
- Bu işlərlə başqa menecerlər məşğul olur. Amma təbii ki, Sadıqovun transferi ilə bağlı iş görməkdə ciddi problem yoxdur. Türkiyə klublarının əksəriyyətinin kiminlə maraqlandıqlarını bildiyimiz üçün Rəşadın transferinin baş tutacağına inanıram. Bu, birinci liqa klublardan birinə olacaq. Amma təbii ki, bunu futbolçunun özü ilə meneceri həyata keçirəcək.

- Siz birinci liqa desəniz də, Rəşad Superliqada oynamağa iddialıdır. Hər halda, daim “Kocaelipor”un heyətində oynadı. Məgər Sadıqovun Superliqa klubuna keçidi mümkün deyilmi?
- Superliqa klublarından birinə transfer olunar... Amma bunlar “Qalarasaray”, “Fənərbaxça”, “Beşiktaş”, “Trabzonspor” deyil. Onu dəqiq deyə bilərəm ki, Rəşad transfer məsələsində ən öndə duran azərbaycanlı futbolçudur.

- Bəs Ramal Hüseynov?
- Onunla bağlı bir neçə variant mövcuddur. Bu, “Vestel Manisaspor”, “Dənizlispor”, “Kayserispor”, “Əskişəhərspor” ola bilər. Bunlar Ramalın keçidi mümkün olan klublardır.

- Azərbaycan milli komandası iyunun əvvəlində Kayseridə yığmanızla yoldaşlıq görüşü zamanı qapıçımız Fərhad Vəliyev yaxşı oyunu ilə yadda qalmışdı. Bundan sonra Türkiyə klublarından, “Bucaspor”dan maraq var idi...
- Fərhadla bağlı bir məlumatım olmasa, onun həmin görüşdə çox yaxşı oynadığını bilirəm. Biz də oyun zamanı Kayseridə idik, görüşü stadiondan izlədik.

- Həmin görüşdən sonra hər hansı azərbaycanlı futbolçu əməkdaşlıq baxımından maraq dairənizə düşdümü?
- Təbii ki. Ən azı iki futbolçunuz oyunu ilə diqqətimi cəlb etdi. Onlar maraq dairəmdə olan oyunçulardır.

- Bunlar konkret kimlərdir?
- İndi açıqlaya bilmərəm. Çünki Azərbaycana gəlib, onlarla görüşmək mümkündür və indidən adlarını desəm, bu, yanlış olar. Amma iki futbolçunun xüsusilə diqqətimi çəkdiyi dəqiqdir.

- Azərbaycana nə vaxt gələcəksiniz?
- İyulun ortasında Çempionlar Liqasında yeni mövsümə start veriləcək. “Bakı” da bu yarışda iştirak edəcək. Həmin vaxt ölkənizə gəlməyi düşünürəm.

- Gələcəkdə həmyerliləriniz, yəni türkiyəli futbolçuların ölkəmizdə oynamasına yardımçı olmaq planınızda varmı?
- Bu, mümkün ola bilər. Türkiyəli futbolçuların aldığı paralar yüksəkdir. Hər halda, bundan az-çox sizin də xəbəriniz var. Ən önəmlisi odur ki, Türkiyədən gələn Azərbaycan futboluna xeyir verməlidir. Yəni, təkcə pulu düşünməməli, necə deyərlər, bir növ kişilik nümayiş etdirməlidir.
0