Azərbaycanlı futbolçu üçün 3 milyon avro
02.10.2009 - 13:15
Azərbaycanlı futbolçu üçün 3 milyon avro
Kiyev “Dinamo”sunda oynayan azərbaycanlı futbolçu Aleksandr Əliyev Rusiyadan cəlbedici təklif alıb. Apasport.az saytının məlumatına görə, “Lokomotiv” (Moskva) klubunun baş məşqçisi Yuri Syomin yenidən sərəncamında görmək istədiyi 24 yaşlı soydaşımıza ildə 3 milyon avro məvacib vəd edib. Syomin, həmçinin bildirib ki, Əliyevin Rusiyada heç bir məişət problemi olmayacaq, Moskvaya gələcəyi halda, klub istədiyi şəxsi mənzili ona alacaq. Rusiyalı həmkarlarımızın yazdığına inansaq, klub rəhbərliyi Aleksandrın qışda keçidinin baş tutması üçün 10 milyon avro ayırıb.

Ancaq bütün bunları təkzib edən “Dinamo”nun prezidenti İqor Surkis məsələyə özünəməxsus şəkildə münasibət bildirib: “Bu, sayıqlamadır. Mən heç bunu müzakirə etmək istəmirəm. Onunla bağlı kluba heç bir təklif gəlməyib. Əliyev indi zədədən sonra tez bərpa olunub, heyətə düşmək haqda düşünməlidir”.

Qeyd edək ki, Əliyev “Dinamo”da Syominin rəhbərliyi altında il yarım oynayıb.
0