Berti Foqts: Blatterə müraciət edəcəm ki, Xorvatiya ilə oyunumuzu təxirə salsın
02.09.2014 - 17:00
Berti Foqts: Blatterə müraciət edəcəm ki, Xorvatiya ilə oyunumuzu təxirə salsın

“Öncə rusiyalı dostlara minnətdaram ki, bizə seçmə oyun öncəsi yoldaşlıq görüşü keçirməyə şərait yaratdılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.

 

Almaniyalı mütəxəssis Rusiya yığması ilə sabah keçiriləcək yoldaşlıq oyunu öncəsi baş tutan mətbuat konfransında iştirak edib. Foqts jurnalistlərin matçla bağlı suallarını cavablandırıb: “Şadıq ki, Rusiya sabahkı oyundan 2 il sonra Bakıya gəlməlidi. İki federasiya arasında belə danışıqlar olub”.

 

Foqts sabahkı oyunun rəqib üçün əhəmiyyətindən və şimallıların italiyalı baş məşqçi Fabio Kapello ilə müqaviləni uzatmasından da danışıb: “Bu matç Rusiya yığması üçün də ciddi sınaqdı. Çünki mundialdan sonra ilk oyunlarıdı. Rusiya Futbol İttifaqının baş məşqçi Fabio Kapello ilə müqaviləni yeniləməyini düzgün addım sayıram. Çünki italiyalı güclü məşqçidi”.

 

Almaniyalı mütəxəssis Türkiyə çempionatının aşağı liqasında oynayan futbolçuları milliyə dəvət etməkdə o qədər də istəkli olmamasının səbəbini açıqlayıb: “Azərbaycan Premyer Liqası Türkiyənin I dəstəsindən zəif deyil. Ona görə də millimizin futbolçularının qonşu ölkənin aşağı liqasında deyil, Avropanın aparıcı klublarında oynamasının tərəfdarıyam”.

 

Çalışdırıcı sabahkı oyunda nəticə barədə fikirlərini bildirib: “Rusiya ilə oyunda məni ancaq qələbə qane edəcək. Bu, mənim üçün vacibdi. Əgər meydana çıxıb, komandaya “uduzun” söyləsəm, belə məşqçiyə yaxşı məşqçi deməzlər. Bu matçda yaxşı mübarizə aparıb, nəticə qazanmağa çalışacağıq”.

 

Kapellonun sabah ehtiyat futbolçulara güvənəcəyini açıqlaması ilə bağlı suala cavab verən Foqts yığmamızın heyəti haqda fikir bildirməyib: “Heyət bizim üçün sürpriz olaraq qalsın”.

 

Azərbaycan - Rusiya matçını prinsipiallığına gərə Almaniya - Hollandiya duellərinə bənzədən Foqts bu komandalardan hansını kimin yerində gördüyünü açıqlamayıb: “Mən  bunu prinsipiallıq baxımından demişdim. Əsas odur ki, komandalar bir birinə ciddi yanaşsınlar. Azərbaycan və Rusiya dost ölkələrdi. Amma idmanda mübarizə, prinsipiallıq var. Onlar rəqibdirlər. Balaca ölkə böyük ölkəyə qarşı oynayacaq və sabah Azərbaycan qələbə qazana bilər. Futbolda balaca ölkə yoxdu. Ərazisi kiçik olan ölkənin böyük komandaya qalib gəlməsi mümkündü”.

 

Almaniyalı millimizin Rusiya ilə əvvəlki oyunlarda mübarizə aparmasını, amma Fələstin kimi rəqiblərlə görüşdə çətinlik çəkməsinin səbəbini açıqlayıb: “Rusiya ilə oynamaq elə motivasiya deməkdi. Digər rəqiblərlə müqayisədə bu komanda ilə görüşdə futbolçularda əlavə mübarizlik ruhu daha da artır, motivasiya güclənir və bu da nəticədə özünü göstərir”.

 

Foqts millinin AVRO-2016-nın final mərhələsinə çıxmağa hazır olub-olmamasına da toxunub: “Seçmə mərhələdə bəxt amili də sözünü deyir. Sonuncu tsikldə Rusiya ilə Moskvadakı oyunu yada salaq. Matçın sonlarında olmayan penaltidən qapımıza qol vurub, 1:0 hesablı qələbə qazandılar. Həmin oyunda 1 xal qazana bilərdik. Təkcə həmin xal yox, digər görüşlərdə də itirilən xalları nəzərə alsaydıq, sonuncu mərhələdə daha yaxşı nəticə göstərə bilərdik. Bu, bəlkə də final mərhələsi üçün kifayət edərdi. DÇ-2014-ün seçmə mərhələsindəki çıxışımızdan razıyam. Bu dəfə isə daha irəli getməyə çalışacağıq”.


Seçmə mərhələnin təqvimindən narazı olan mütəxəssis oktyabrda ardıcıl iki çətin səfər matçının keçirilməsinin əleyhinədir: “Oktyabrın 9-da Palermoda İtaliya, 4 gün sonra Zaqrebdə Xorvatiyaya qarşı oymayacağıq. Hər ikisi son mundialın iştirakçısıdı. Üstəlik, səfərdə oynamağımız və saat fərqinin olması komandalar üçün əlavə çətinliklər yarada bilər. Avroliqa oyunundan sonra futbolçuların bu görüşlərə yorğun çıxması... FİFA prezidenti Yozef Blatterə müraciət edəcəm ki, Xorvatiya ilə oyunu təxirə salsın”.

 

Azərbaycan təmsilçilərinin avrokuboklarda çıxışlarına toxunan Foqts “Qarabağ”ı qrup mərhələsinə düşməsi münasibətilə təbrik edib: “Qarabağ”ı təbrik edirəm. Bu klub böyük üstünlüklə Azərbaycanın ən yaxşısıdır. “Neftçi” də qrup mərhələsinə düşsəydi, daha yaxşı olardı. Yerli futbolçular üçün hər beynəlxalq oyun vacibdir. Premyer Liqa oyunları təxirə salınmasaydı, buna şad olardım”.

 

Foqts onu da açıqlayıb ki, yarım aydan sonra yenidən Rusiyaya qayıdacaq: “Ayın 15-də Sankt-Peterburqa səfərim planlaşdırılıb. Orada Kapello ilə görüşümüz olacaq. Onun rəhbərlik etdiyi komanda haqda fikirlərimi də özünə deyəcəm. İtaliyalı da mənim üzləşdiyim problemlərdən əziyyət çəkir. Onun ən yaxşı futbolçuları yerli çempionatda çıxış edir. Düzdü, Rusiya Premyer Liqası zəif deyil, amma daha güclü çempionatlar da var”.

0