Bəxtiyar Soltanov: Bu, zolağından çıxmaq üçün vacibdi
28.11.2014 - 15:35
Bəxtiyar Soltanov: Bu, zolağından çıxmaq üçün vacibdi

“Qəbələ”nin Topaz Premyer Liqasında keçirdiyi son iki oyun Bəxtiyar Soltanovun ilkləri ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, komandaya bir müddət əvvəl cəlb olunan 25 yaşlı futbolçu XII turun AZAL-la (3:3) oyununda “qırmızı-qaralar”ın heyətində ilk oyununu keçirib, növbəti turun “Simurq”la (2:3) ev oyununda isə qol hesabını açıb.

 

Klub tarixinə 179-cu futbolçu və qol sevinci yaşayan 91-ci oyunçu kimi düşən Soltanov gabalafc.az saytına açıqlamasında bildirib ki, bunda uyğunlaşma ilə bağlı problemin olmaması rol oynayıb: “Komandaya yeni keçsəm də, uyğunlaşmaqda ciddi problem görmürəm. Çünki yerli futbolçuların çoxunu tanıyırdım. Ümumiyyətlə, uyğunlaşma gedir və qarşıdakı matçlarda daha yaxşı oynayacağam. Düzdü, ilk oyunda debüt edib, növbətidə qol hesabımı açmışam. Amma yenə oyunum haqda yaxşı deyə bilmərəm. Çünki komanda qalib gəlməyib. Əsas da budu. Həm də potensialım daha artığına çatar. Bunu da qarşıdakı oyunlarda nümayiş etdirməyə çalışacağam”. 

 

Soltanov XIV turun “Neftçi” ilə qarşılaşması haqda da fikirlərini bildirib: “Bizi qarşıda “Neftçi” ilə oyun gözləyir. Bilirik ki, qarşılaşma çox çətin olacaq. Paytaxt təmsilçisi güclü komandadır. Lakin biz bu oyuna qələbə üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, 3 xal qazanaq. Qazanacağımız qələbə uğursuzluq zolağından çıxmaq üçün vacibdi. Səfərdə oynayacağımıza baxmayaraq, qalib gəlməliyik. Mən də çalışacağam ki, “Qəbələ”də növbəti qolumu vurum, qələbədə pay sahibi olum”.

0