[b]“Bəxt üzüyü”nün Hüseyni, “Neftçi”nin Braliçi[/b]
20.07.2018 - 13:19
[b]“Bəxt üzüyü”nün Hüseyni, “Neftçi”nin Braliçi[/b]

“Bəxt üzüyü” filmində Hüseynin məşhur “Şair, İngiltərədə pivənin bakalı iki penidi, bizim pulla havayı” sitatı sanki “Neftçi”nin transfer siyasətinə həsr olunub. Klub rəhbərliyinin etdiyi transferlərə baxanda həmin epizod yadıma düşür.

 

Deyilənlərə görə, Slavko Braliç az qala Topaz Premyer Liqasında mübarizə aparan bütün klublara təklif olunub. Amma kiçik araşdırma aparıldıqdan sonra ondan imtina ediblər. Görün, vəziyyət nə yerdədi ki, hətta sabahı bəlli olmayan debütant “Sabah”ın da ona ehtiyacı olmayıb.

 

Bununla belə, menecerlər vəziyyətdən çıxış yolu tapıb. Pula pul deməyən, Avropa Liqasında qrupa düşməyi qarşısına hədəf qoyduğu üçün büdcəsi aşıb-daşan “Neftçi”, futbol biliyi plintus səviyyəsində olan klub prezidenti Kamran Quliyev və dost-tanışları bu legioneri yüksək maaş qarşılığında transfer edirlər. Deyilənlərə görə, əksər klublar bu futbolçunun ilinə hətta 50 min manat verməkdən boyun qaçırsa da, Braliç “Neftçi”də həmin məbləğin ikiqatdan da artığını alacaq. Həmin pulun hamısının ona çatıb-çatmayacağı isə ayrı söhbətin mövzusudu.

 

“Uypeşt”lə Macarıstandakı oyun göstərdi ki, “Səbail”, “Sabah” kimi yeni yaranmış klubların rəhbərləri belə, 81 illik “Neftçi”nin başbilənlərindən savadlı, ən əsası futbol anlayışı onlardan yüksəkdi. Buraxılan 3-cü qola diqqətlə baxın. Həmin epizodda Braliç “Neftçi”nin formasında meydana çıxmış “Uypeşt” futbolçusu mənzərəsini yaratmışdı. Olmayan hücumun qarşısını almaq bir tərəfə, qeyri-adi “fint”lə komanda yoldaşını aldadaraq macarlara qol vurmaq şəraiti yaradan futbolçunu ancaq Ceyhun Sultanov bəyənər, Kamran Quliyev alar, Roberto Bordin də sorğusuz-sualsız oynadar.

 

Tərlan Əhmədovu səbəb göstərmədən yola salmağı, Kamal Quliyevi bəhanələrlə qovmağı bacaran Kamran Quliyev necə oldu ki, Kirill Petrovu komandada saxladı? Axı həmin Petrov oyunların birindən sonra prezidentə ayıb yerini göstərərək, onu alçaltmağa cəhd göstərmişdi. Ukraynalının yeni müqavilə imzalamasının səbəbi də elə bu hadisədi. Çünki Quliyev qorxdu ki, ayrılarsa Petrov bu hadisəni orda-burda danışar, mətbuata təsdiq edər. Futbolçunun ağzını bundan yaxşı yummaq olmazdı.

 

İtaliyadan bəh-bəhlə gətirdikləri, üzünü göstərmədən aeroportdan qarşıladıqları Roberto Bordin isə ilk sınağındaca səviyyəsini ortaya qoydu. Braliç kimi futbolçunu bəyənən rəhbərlik Bordindən zəifini gətirməyəcəkdi ki. Yoxsa siz tanınmış və ya bacarıqlı mütəxəssis gözləyirdiniz?

 

Futbolçulara, məşqçilərə xərclənən bu pullar bir daha göstərdi ki, “Neftçi” rəhbərliyi pulları havaya sovurmaqla məşğuldu. Hüseyn demişkən, bizim pulla havayı olanlar “Neftçi”də qiymətə minirlər.

 

İxtiyar ƏSGƏROV

0