[b]Dodo “Qarabağ” üzərində qələbənin sirrini açıqladı[/b] - MÜSAHİBƏ
02.03.2015 - 16:41
[b]Dodo “Qarabağ” üzərində qələbənin sirrini açıqladı[/b] - MÜSAHİBƏ

“Qəbələ” klubunun braziliyalı yarımmüdafiəçisi Luis Hilario Dodonun apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XXIV turunda "Qarabağ"la keçirdiyiniz oyun sizin üçün son şans idi. Bu fikirlə razısınız?

- Bilirsiniz, çempionatın sonuna hələ çox var. Bu səbəbdən də son şans demək üçün hələ tezdi. Amma bu bir həqiqətdi ki, turnir cədvəlində bizdən yuxarıda olan "Simurq"un bu tur məğlub olması bizi qələbəyə vadar edirdi. Çünki bununla aradakı xal fərqini 1-ə endirəcəkdik. Bu səbəbdən, çətin də olsa, qələbə qazanmalı idik.  

 

- "Qarabağ" matçın favoriti idi. Gözlənilməz qələbənin sirri nədədi?

- Həqiqətən də, "Qarabağ" hazırda Azərbaycanın ən güclü komandasıdı. Fikrimcə, yuxarıda qeyd etdiyim amil qələbəmizdə mühüm rol oynadı. Rəqibin gücündən asılı olmayaraq, qalibiyyət bizə hava-su kimi lazım idi. Bunu da gözəl oyunla əldə etdik. "Qarabağ" üzərində qələbə düşərgədə əhval-ruhiyyəni artıracaq, qarşıdakı görüşlərə daha yaxşı motivasiya olunmağımıza kömək edəcək.

 

- Ancaq ikinci hissəni zəif keçirdiniz. Tamamilə müdafiəyə çəkilmək baş məşqçinin tapşırığı idi?

- Xeyr, baş məşqçi bizə yalnız müdafiə olunmağı tapşırmamışdı. Sadəcə, hesabda öndə olmağımız rəqibi hücuma atılmağa məcbur edirdi. Birinci hissədə öndə pressinq tətbiq etməklə rəqibin oyun qurmasına mane olduq. Hətta daha 1-2 qol vura bilərdik. Amma "Qarabağ" ikinci hissədə oyunu irəlidə qurmağa başladı. Üstəlik, rəqib topla oynamağı sevən, hesabdan asılı olmayaraq, nizam-intizamdan qopmayan, öz oyununu göstərən komandadı. Rəqibin gücünü və nəticəni nəzərə alsaq, hesabı qorumağa çalışmağımız normaldı. Kollektiv oyun sayəsində istəyimizə çatdıq.

 

- Ümumiyyətlə, qış fasiləsindən sonra da qeyri-stabil çıxışınız davam etdi. Komanda niyə stabil nəticə göstərə bilmir?

- Çempionata yaxşı başlamamışdıq. Heyətdə də müəyyən dəyişikliklər olmuşdu. Qış fasiləsində yaxşı hazırlıq keçdik, yeni transferlərimiz oldu. Tam komplektləşmək üçün müəyyən vaxt lazımdı. Bilirəm ki, artıq mövsümün sonuna yaxın xal itkilərini də minimuma endirmək lazımdı. Komanda get-gedə daha yaxşı oynayır, yeni transferlər də kollektivə uyğunlaşırlar. İnanıram ki, mövsümün qalan hissəsini stabil keçirəcəyik.

 

- Artıq 4-cü pillədə qərarlaşan "Simurq"dan cəmi 1 xal geridəsiniz. Avrokubok şansınızı necə görürsünüz?

- Bu barədə danışmaq hələ tezdi. Premyer Liqada hər bir komanda istənilən rəqibdən xal almaq iqtidarındadı. Bu üzdən öncədən proqnoz vermək mümkün deyil. Biz çempionatla yanaşı, kubokda da mübarizəni davam etdiririk. Təbii ki, hədəfimiz avrokuboka vəsiqə qazanmaqdı. Bunun üçün də əlimizdən gələni edəcəyik.

 

- Kubokdan söz düşmüşkən, 1/4 final mərhələsindəki rəqibiniz də elə “Simurq”du...

- “Simurq” döyüşkən komandadı, yaxşı heyəti var. Fikrimcə, çox çətin iki oyun olacaq. Əgər hədəfimiz kuboku qazanmaqdısa, rəqibin kimliyindən asılı olmayaraq, onu keçməliyik. Bunu bacara biləcək gücümüz olduğunu düşünürəm.

 

Ruslan SADIQOV

0