[b]Çingiz Abdullayev: Məni istəməsələr, "Neftçi"də qalmayacam[/b]
31.03.2015 - 17:05
[b]Çingiz Abdullayev: Məni istəməsələr, "Neftçi"də qalmayacam[/b]

Bu gün “Neftçi” klubu yeni rəhbərini seçib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkətinin binasında bununla bağlı iclas keçirilib. Toplantıda “Neftçi”nin Müşahidə Şurasının rəhbəri vəzifəsinə tanınmış yazıçı Çingiz Abdullayev seçilib. Bundan əlavə, yeni yaradılan Şuranın üzvləri də təsdiqlənib.

 

“Neftçi”nin prezidenti vəzifəsindən uzaqlaşdırılan Sadıq Sadıqov bundan sonra Müşahidə Şurasının üzvləri sırasında yer alacaq. Onunla yanaşı, Bəhram Bağırzadə, Mübariz Zeynalov, Səməd Qurbanov, Zaur Qəhrəmanov və Cəbrayıl Cəbrayılov da şurada olacaq. Digər üzv Çingiz Abdullayev isə Şuraya rəhbərlik edəcək.

 

İclasdan sonra AFFA prezidenti Rövnəq Abdullayev çıxış edib: “Bu gün nəinki "Neftçi"də, Azərbaycan futbolunda dəyişiklik vaxtı gəlmişdi. Keçən il qərara alınmışdı ki, klublarda Müşahidə Şurası yaradılsın. Müəyyən problemlər oldu. Bilirsiniz ki, "Neftçi" Futbol Klubu ayrı qurum idi. "Neftçi" İdman Klubu var ki, 36 idman növündə 5 minə yaxın idmançı çıxış edir. "Azərneftyağ" neft emalı zavodu bağlandıqdan sonra qərara gəldik ki, futbol klubunu cəmiyyətin tərkibinə verək. Futbolun inkişafı üçün yeni struktur düşündük. "Neftçi" Futbol Klubunda artıq Müşahidə Şurası yaradıldı. Bu Müşahidə Şurasına 7 üzv təklif edirik. Düşündük ki, şurada tanınmış simalar yer alsın. Çingiz Abdullayevdən xahiş etdik ki, bu şuraya rəhbərlik etsin. O, "Neftçi"sevərlərdəndi. Sağ olsun, təklifimizi qəbul etdi. Bəhram Bağırzadə də təklifimizi müsbət qarşıladı. Tanınmış futbolçular Mübariz Zeynalov və Səməd Qurbanov da Şurada olmağa razılıq verdilər".

 

"Neftçi"nin aksiyalarının satılacağını deyən AFFA rəhbəri bildirib ki, klub idarəçiliyi  ictimailəşəcək: “Bunun təhlilini aparmışıq. Azərbaycanda son 15 ildə 18 klub fəaliyyətini dayandırıb. Bunun qarşısını almağa çalışırıq. Avropada klubların 100 yaşları var. Çünki orda klublar ictimailəşib. Biz də qərara aldıq ki, bu yolla getməliyik. Rayonlardakı klublar da belə idarə olunacaq. Dövlət tərəfindən maliyyələşmə mexanizmi düşünüləcək. Artıq heç bir klub bir adamın olmayacaq. Hər klub öz bölgəsinin olacaq, orda hamı cavabdehlik daşıyacaq. Məncə, bu, daha doğru yoldu. Biz də bunu "Neftçi"dən başladıq. Bu, İdarə Heyətinin giriş iclasıdı. Müşahidə Şurasında yer alanlar bu işə həvəslə girişirlər. İnanıram ki, bunun futbolumuza xeyri olacaq. Bütün klubun idarəçiliyi Müşahidə Şurasına keçib”.

 

Ardından Çingiz Abdullayev çıxış edib: “Bu təklifi eşidən kimi razılıq verdim. Son iki gündə bu barədə çox oxudum. Mən futbolu çox sevirəm. Biz hüquq fakültəsində oxuyanda – 1976-cı ildə böyük komanda yaratmışdıq. Hətta həmin vaxt "Neftçi"ni də məğlub etmişdik. O vaxt başa düşürdüm ki, məndən güclü oynayanlar var. İndi görürəm ki, mənim bu təyinatımı tənqid edənlər var. "Yazıçının futbolda nə işi var?" deyənlər var. Amma mən futbolu bilirəm. Onu da söz verirəm ki, meydana çıxmayacam. Uşaqlıqda həmişə "Neftçi"nin stadionunu dolu görürdük. Ancaq 1966-cı ildən sonra böyük uğurumuz olmadı”.

 

- Düz başa düşdüksə, "Neftçi" artıq futbol brendinə çevrilib.  Sizin  missiyanız   olacaq?  Beynəlxalq aləmdə bu klubu tanıtmaq üçün hansı addımlar atacaqsınız?

Çingiz Abdullayevə ünvanlanan bu suala AFFA prezidenti Rövnəq Abdullayev cavab verib: "Hələ əvvəlcə ölkə daxilində uğurlar qazansın. İlk növbədə azarkeşləri bura yığmaq lazımdı. Çingiz müəllimin də bunda böyük rolu olacaq”.

 

Ç.Abdullayev: - Oturan kimi dedim ki, Olimpiya stadionunu "Neftçi"yə verin. Amma dedilər ki, əvvəlcə indiki stadionu doldurun. Hamı gəlməlidi ki, sonra böyük stadion olsun.

 

- Çingiz müəllim, yeni sistemdə "Neftçi"nin hansı planları var?

- İlk iş yığışıb danışmaq, məsləhətləşməkdi. İnsan vəzifəyə gələndə düşünür ki, hamıdan ağıllıdı. Bu yanlış düşüncədi. Mən o vaxt elə bilirdim ki, harasa rəhbərlik edə bilmərəm. Amma sonra Yazıçılar Birliyinə çağırdılar, Rəyasət Heyətinə rəhbərlik etməli idim. Halbuki, onda dahi şəxsiyyətlər var idi. Dedim ki, mən bu iclası apara bilmərəm. O vaxt onlardan biri desəydi ki, cavansan, dur get, gedərdim. İndi "Neftçi"də də təcrübəli adamlar var, ömür boyu futbolla məşğul olublar. Səməd Qurbanovun oyununu yaxşı xatırlayıram. Mən yazıçıyam. Bu işləri tək həll edə bilmərəm, peşəkarlarla çalışacam. Əgər növbəti seçkidə məni istəməsələr, burda qalmayacam.


- Müşahidə Şurasında jurnalist olmayacaq? AFFA tərəfindən bu məsələ də qeyd edilmişdi...
Rövnəq Abdullayev: Seçim dediyim kimi, yerlərdə olacaq. Rayonlarda ictimaiyyət özü seçəcək. Bu məşvərətli orqan yox, qərar verən orqan olacaq. Futbolda hələlik gəlir gözlənilmir. Hazırda iki variantımız var, bununla bağlı hökumətlə də, nazirlərlə də danışırıq. Böyük bazalarımız var. Onların inkişafına çalışırıq. Federasiya hamısının öhdəliyini üzərinə götürə bilməz. Klubları şirkətlərin maliyyə asılılığından qurtarmağa çalışırıq.

 

- Klubun idarəetməsi necə olacaq?
- Rövnəq Abdullayev: İcraçı-direktor və idman-direktorları olacaq. Bunları yavaş-yavaş təkmilləşdirəcəyik.

0