[b]“Futbolçular məsuliyyəti tam dərk etmirlər” – Əsgər Abdullayev[/b]
05.02.2016 - 18:56
[b]“Futbolçular məsuliyyəti tam dərk etmirlər” – Əsgər Abdullayev[/b]

“Oyundan da, nəticədən də narazıyam. Nə qədər ki, komandaları reytinqlərə böləcəyik, nəticə də olmayacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev deyib.

 

Topaz Premyer Liqasının XX turu çərçivəsində “Rəvan”ı qəbul edən paytaxt təmsilçisi son dəqiqələrdə vurduğu qol sayəsində (1:1) məğlubiyyətdən qaçıb.

 

Abdullayev matçdan sonra keçirilən mətbuat konfransında qələbə qazana bilməmələrinin səbəbini belə izah edib: “Oyuna səthi yanaşmaq olmaz. Komandaları reytinqlərə bölmək düzgün deyil. Komandam bütövlükdə zəif çıxış etdi. Mən istədiyim oyunu göstərə bilmədi. Yerli və legionerlər arasında bölgü aparmaq istəmirəm. Rəqibə yuxarıdan aşağı baxmaq lazım deyil. İkinci hissədə toparlanmağa çalışsaq da, gec idi. Məşqçi oyunu təhlil edir, futbolçularla danışır. Görünür, futbolçular tam olaraq, məsuliyyət dərk etmirlər”.

 

Həmkarı Bəhmən Həsənov kimi, “Neftçi”nin çalışdırıcısı da hakimlikdən narazılığını gizlətməyib: “Hakimlik barəsində danışmaq istəmirəm. Buna aidiyyəti qurumlar baxır. Ancaq bu, bizim yaralı yerimiz olaraq qalır”.

 

Qeyd edək ki, turnir cədvəlində irəliləmək şansını əldən verən “Neftçi” aktivindəki 28 xalla VI pillədə qalıb. Sonuncu yerin sahibi “Rəvan” isə xallarının sayını 8-ə çatdırıb.

0