[b]“Axırda kimsə çempionatdan imtina edəcək” [/b]
10.02.2017 - 18:10
[b]“Axırda kimsə çempionatdan imtina edəcək” [/b]

“İnter”in kapitanı Nizami Hacıyevin apasport.az saytına müsahibəsi

 

- Ölkə çempionatının XVII turunda “Neftçi” ilə keçirilən (1:3) oyunda komanda özünə bənzəmirdi. Nə baş vermişdi?

- Rəqibi təhlil etmişdik, amma bu qədər çətin olacağını gözləmirdik. İlk 20 dəqiqədə 2 top vurmaları sanki komandanı “sındırdı”. Düzdü, fasiləyə qədər qollardan birinin əvəzini çıxdıq və özümüzə inam var idi. Amma ikinci hissə başlayanda üçüncü topu buraxdıq və sanki gücüm tükəndi. Çalışsam da, istədiyimi edə bilmirdim. Uşaq səhvlərindən qol buraxdıq.

 

- Oyundan sonra komanda yoldaşınız Andrian Skarlatake “Neftçi”nin yaxşı deyil, “İnter”in bərbad oynadığını qabartdı. Təhlil aparmısınızmı?

- Hələ heç kimi görməmişəm, sözün açığı, görmək də istəmirəm. Baş məşqçi təhlil aparacaq, səhvlərimizi deyəcək. Saytlar vasitəsilə epizodlara baxmışam, uşaq səhvləri etmişik. Bu cür səhvlərə ad vermək olmur. Müdafiə xəttini qınamıram. Uduzmuşuqsa, bu komandanın səhvidi. Əfsuslar olsun ki, uzun fasilədən sonra “Neftçi”yə məğlub olduq. Ümumiyyətlə, cari mövsümdə iki məğlubiyyətimiz var, o da “Neftçi” ilə matçlarda qeydə alınıb. Bu, acınacaqlı, xoşagəlməz durumdu. Vəziyyətimiz pis deyil. Hətta normaldan üstündü. Çox çalışmalı, AZAL-la oyunda qələbə qazanmalı, mövqeyimizi qorumalıyıq.

 

- Oyun zamanı baş məşqçi ilə dialoqunuz diqqətdən yayınmadı. Siz şikayət edirdiniz, yoxsa baş məşqçi hansısa tapşırıq verirdi?

- Baş məşqçi dedi ki, oyunun alınır, meydanda yaxşı görünürsən, oyunu üzərinə götür. Mən də bildirdim ki, çətindi. Çünki top məndə olanda gərək hərəkət üçün zona açılsın. Açılmayacaqsa, saatlarla topla dayanım, nə faydası var? Nə qədər çalışsam da, təkbaşıma qalib gəlmək gücündə deyiləm. Güləş, boks deyil ki, bir idmançı hər şeyi həll etsin. Burda hamımız bir nöqtəyə vurmalıyıq. Əfsuslar olsun ki, oyunumuz istədiyimiz kimi alınmadı. Amma fəlakətə çevirmək də olmaz...

 

- Fəlakətə çevirmək lazım deyil, amma son 2 oyunda 5 xal itirdiniz. Halbuki bu xalları qazansaydınız, indi liderlərlə başabaş mübarizə aparacaqdınız...

- Bu məsələdə razıyam. Son iki matçda 5 xal itirmişik. “Sumqayıt”la qarşılaşmanın son saniyələrində buraxdığımız qolun üzüntüsündən ayılmamış öz meydanımızda uduzduq. Bu, psixoloji baxımdan komandanı çökdürür. Sabah məşqdə uşaqlarla necə danışacağıq, motivasiya edəcəyik, bilmirəm.

 

- Bəlkə sponsor və rəhbərlikdəki dəyişiklik fəsadlarını yavaş-yavaş göstərir?

- Beynəlxalq Bankın imtinası hardasa təsir edir. Amma maaşlarımızı vaxtında alırıq. AFFA-nın baş katibi mövsümün sonuna qədər bu cür davam edəcəyinə söz verib. Futboldu, komandanın eniş və yüksəliş dövrü var. Dünən ad günüm idi. Futbolçu yoldaşlarımla da bu haqda danışdıq. Özümüz çıxmalıyıq bu vəziyyətdən. Hər kəs evinə 5-3 manat aparmaq istəyir. Çox çalışmalıyıq. Bu, həm də borcumuzdu.

 

- AZAL da ikinci yarıya pis başlamayıb, amma son 2 görüşdə hakim səhvlərinin güdazina gedib…

- Bilirəm, baxıram. Hakim səhvlərindən çox narahatam. Bu qədər səhv olmaz. Elementar səhvlər ola bilər. Razıyam, kornerin əvəzinə aut verə bilərsən. Amma nəticəyə təsir edən səhvləri anlaya bilmirəm. Futbol ictimaiyyəti, hakimlər bizi başa düşməlidilər. Belə səhvləri aradan qaldırmaq, tədbirlər görmək lazımdı.

 

- Futbolçu olaraq bu cür idarəçilikdən sonra meydana çıxanda ehtiyatlanırsınızmı?

- AZAL - “Qarabağ” oyununa baxdım. Tounkaraya nəyə görə qırmızı vərəqə verildi? Belə qərardan sonra düşünürsən ki, sabah bizə də bu cür epizoda görə qırmızı vərəqə göstərə bilər. Psixoloji baxımdan ehtiyatlanırıq. Niyə belə edirlər, başa düşə bilmirəm. Təsadüfidi, ya bacardıqları budu...

 

- Bu qədər təsadüf olmaz...

- Bilsəm ki, bizə qarşı bilərəkdən səhvlər olur, istədikləri kimi idarə edirlər, onlarla başqa cür danışarıq. Dəfərlərlə olub ki, hakim qapımıza penalti təyin edib, amma oyundan sonra gəlib, üzr istəyib. Çünki qərarı yanlış olub, uzaqda olub, ya mövqeyi düzgün seçilməyib. AZAL-ın nə büdcəsi var ki, onu bir tərəfdən də sıxırlar. Belə şeyləri danışıram, sonra uşaqlar deyir ki, milliyə ona görə çağırılmırsan. Çağırmasınlar, baş mşqçi ilə mübahisə etmişəm. Amma əsas heyətdə oynamayıb milliyə dəvət alanlar az deyil. Bunlar hamısı zəncirvari səhvlərdi. Sonra ağırlıq futbolçuların, klubların üzərinə düşür. AZAL udur, imkan verin, udsun. Sponsoru da həvəsə gələcək. Eləcə də “Neftçi”. Burda söhbət təmiz idarəçilikdən gedir.

 

- “Neftçi”dən söz düşmüşkən, rəqibin oyunu haqda nə deyə bilərsiniz?

- Yaxşı çıxış etdilər. Xüsusilə də, müdafiəçiləri xoşuma gəldi. Sadə oynayırlar. Mən də bu cür futbolu xoşlayıram. Düzdü, hərdən topla çox oynayıram, amma müdafiəçinin sadə oynamağını sevirəm. Kaxaber Sxadadze bizə deyirdi: milyonçular topu hər zaman auta vururlar. Baxın, Maldini, Kannavaro kimi dünyanın güclü müdafiəçiləri topu auta vururdular ki, təhlükə sovuşsun. Hücumçuları da xoşuma gəldi. Tərzin Cahangirov da matçı yüksək səviyyədə keçirdi.

 

- Niyə son turlarda hakim səhvləri ancaq “Qəbələ” və “Qarabağ”ın xeyrinə olur?

- Axır-əvvəl kimsə çempionatdan imtina edəcək. Deyəcək ki, gedin, nə istəyirsiz, edin. Töhmət verəcəklər? Sponsordu, “Xəzər Lənkəran”, “Bakı” kimi komandalar dağıldı, “İnter” də dağılmaq üzrədi. Ayıbdı, əziyyət çəkirik, bu qədər oyun keçiririk. İkinci yarı başlayandan bəri bir qol vurmuşam, iki qol ötürməsi vermişəm, ancaq milliyə dəvət eləmirlər. Daha nə eləməliyəm? Kimdənsə xahiş etməliyəm? Yox, bu bizə yaraşan deyil. Danışılası mövzular çoxdu, axşama qədər sadalasam da, qurtaran deyil.

0