[b]Fikrət Hüseynov “Şüvəlan”dakı işindən danışdı[/b]
19.05.2017 - 12:31
[b]Fikrət Hüseynov “Şüvəlan”dakı işindən danışdı[/b]

“Şüvəlan” klubu yeni mövsümdə I divizionda təmsil olunacaq. Yeni klub yaxın dövr ərzində yüksək nailiyyətlər əldə edərək, Azərbaycanda futbolun inkişafı naminə və azarkeşlərin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək”. Bu sözləri apasport.az saytına “Şüvəlan” klubunun vitse-prezidenti Fikrət Hüseynov deyib.

 

Ötən mövsüm Azərbaycan Premyer Liqasında sonuncu yeri tutan AZAL klubu adını dəyişərək, gələn mövsüm I divizionda iştirak etmək qərarına gəlib. “Şüvəlan” adı verilən paytaxt təmsilçisinin vitse-prezidenti bu qərarın ölkə futboluna xeyir verəcəyini düşünür: “Şüvəlan qəsəbəsində inşa edilmiş təlim-məşq bazası müasir infrastruktura və geniş potensiala malikdi. İnanırıq ki, bu qərarın əsasında Azərbaycan futbolunun inkişafı, ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil etmək naminə yüksək nailiyyətlər əldə ediləcək”.

 

Hüseynov klubdan ayrılması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib. O, məlumatın həqiqəti əks etdirmədiyini vurğulayıb: “Hazırda klubda vitse-prezident kimi fəaliyyətimi davam etdirirəm. İndi yeni klubun formalaşdırılması ilə məşğulam. “Şüvəlan” klubunda da öz işlərimi davam etdirəcəm. Gələn həftə bununla bağlı bütün məlumatları mətbuata verəcəyik".

0