“Branimir Subaşiçə görə 50 min verirdik, amma razılaşmadılar”
30.01.2010 - 00:05
“Branimir Subaşiçə görə 50 min verirdik, amma razılaşmadılar”
Türkiyə Superliqasında mübarizə aparan “Diyarbəkispor” klubunun baş məşqçisi Ziya Doğanın apasport.az saytına eksklüziv müsahibəsi

- Bildiyimizə görə, Azərbaycan milli komandasında çıxış edən serb əsilli hücumçu Branimir Subaşiçi transfer etmək istəyirdiniz. Danışıqlar olsa da, keçid son anda baş tutmayıb. Bununla bağlı nə deyə bilərsiniz?
- Subaşiç həqiqətən də transfer planlarımızda yer almışdı. Ancaq onun məxsus olduğu “Srvena Zvezda” klubu ilə problemi həll edə bilmədik. Artıq Subaşiçin yerinə başqa legioner almışıq və bu məsələni birdəfəlik bağladıq.

- Niyə?
- Biz təklifi etdik, onlar da razılaşdılar. Ancaq sonradan fikirlərini dəyişdilər. Sonda da biz Subaşiçin transferindən vaz keçdik.

- Problem maddi baxımdan idi?
- Bəli.

- Serblər sizdən çoxmu pul istədilər?
- Bəli, çox istədilər, biz isə vermədik. Əsas problemimiz maddi baxımdan sıxıntının olmasıdır. Ucuz, yeri gələndə havayı başa gələn futbolçuları götürürük.

- Subaşiçi harada görüb, bəyənmişdiniz?
- Subaşiçi daha əvvəl izləmişdik. Oyunları olan CD-ləri də baxıb, bəyənmişdik. Dedik ki, ucuz olarsa, alarıq. Ancaq onlar qiyməti qaldırdılar. Biz də bu transferi unutduq, qapatdıq, bitdi.

- Subaşiçin keçidi ilə bağlı danışıqları konkret kiminlə aparırdınız?
- Onun serb meneceri var. Dedik ki, klubu Subaşiçə görə nə qədər pul istəyirsə, bizə yazsın. Ancaq klubu bunu etmədi, futbolçu yazıb gətirdi. Biz əvvəlcə anlaşdıq, sonra kluba faks göndərdik. Ancaq cavab bizi qane etmədiyi üçün imtina etdik.

- Konkret məbləğ nə qədər idi?
- Həmin məbləğ bizim üçün böyük idi. Bu, büdcəmizi aşır. Dedik ki, transfer məbləği 50 min lirə olarsa, alarıq.

- Bəs serblər hansı qiyməti qoydular?
- Transfer qiyməti haqda danışmaq istəməzdik. Biz təklifimizi Serbiyaya göndərdik. Oradan da münasib cavab gəlmədiyi üçün Subaşiçin transferindən vaz keçdik. Serblərin nə istədiyini bilmirik.

- Hər halda, Subaşiçi almaq sizin üçün faydalı olmazdı?
- Olardı. Ancaq çox pulumuz yoxdur, ona görə də ala bilmədik.

- Başqa azərbaycanlı futbolçu almaq fikriniz varmı?
- İndi yox. Çünki transfer məsələlərini bağlamışıq. Legioner litimiz dolub.

- Bəs gələcəkdə?
- Bu, mümkün ola bilər. Tədricən inkişaf edən Azərbaycan futbolunu izləyir, oradakı oyunçuları diqqətdə saxlayırıq.
0