“Həmişə məndən narazı olan lənkəranlı azarkeşlər məni alqışladılar” - MÜSAHİBƏ
18.09.2014 - 16:18
“Həmişə məndən narazı olan lənkəranlı azarkeşlər məni alqışladılar” - MÜSAHİBƏ

“İnter”in braziliyalı hücumçusu Junior Nildonun apasport.az saytına müsahibəsi

 

- “İnter”ə transferiniz necə baş tutdu? “Xəzər Lənkəran”da möhkəmlənə bilməməyinizə səbəb nə idi?

-    “Xəzər Lənkəran”a yeni transfer olunarkən xoşbəxt idim. Özümü orada daha yaxşı hiss edirdim. Amma hamı da gördü ki, bu komandada oyunum alınmadı. Artıq bu mövsümdən etibarən ehtiyatda qalmağa başladım. Belə olan halda orada xoşbəxt ola bilməzdim. Baş məşqçimiz Oğuz Çətinlə söhbət etdik və klubdan ayrılmağa qərar verdim. “İnter”in baş məşqçisi Kaxaber Sxadadze məni komandada görmək istədi və bu transfer baş tutdu. İndi özümü burada çox yaxşı hiss edirəm. Əsas olan odur ki, Sxadadzenin mənə dəstəyi var və bir hücumçu kimi mənə güvənir.

 

- Hələ yay “transfer pəncərəsi” zamanı sizin “İnter”ə keçəcəyiniz haqqında söhbətlər var idi...

- Mən heç vaxt “Xəzər Lənkəran”a məxsus ola-ola “İnter”lə danışıq aparmamışam. Bunlar sadəcə həmin vaxt çıxan şayiələr idi. O zaman mən ancaq sabiq klubumu düşünürdüm. İndi isə burdayam və bu komandanı fikirləşirəm.

 

- Amma həmin vaxt məlumatı “İnter”in prezidenti Georgi Nikolov da təsdiq etmişdi...

- Onlar mənimlə maraqlana bilərlər. Nikolov həmin vaxt “Nildo ilə maraqlanırıq” demişdi. Sxadadze də məni komandada görmək istəyib. Həmin vaxt heç bir danışığa getməmişdim. “Xəzər Lənkəran”dan ayrılınca ən yaxşı təklifi dəyərləndirib bura gəldim.

 

- Maraqlıdır ki, “İnter”ə keçdikdən sonra ilk oyununuzda sabiq komandanız – “Xəzər Lənkəran”a qarşı oynadınız. Nə hisslər keçirdiniz?

- Birinci bu matçda oynamaq istəmirdim. Amma komandam hesabda geri düşdü və Sxadadze mənimlə uzun söhbət etdi. Başa saldı ki, belə vəziyyətdə meydana çıxmalıyam. Mən də razılaşdım. Meydana çıxdım və gördüyüm reaksiya məni təəccübləndirdi. Həmişə məndən narazı olan lənkəranlı azarkeşlər məni alqışladılar. Buna çox sevindim. Onların bu hərəkətini heç vaxt unutmayacağam və hər zaman onlara sevgim olacaq.

 

- Ola bilər ki, azarkeşlər sizi “Xəzər Lənkəran”ı tərk etdiyinizə görə alqışlasınlar?

- Buna inanmıram. Sadəcə vaxtilə bu klubun şərəfini qoruduğuma görə alqışladılar. Hamısına təşəkkür edirəm.

 

- “İnter”ə tam uyğunlaşa bilmisiniz?

- Əlbəttə. Özümü tam hazır hiss edirəm.

 

- Növbəti oyunlarda sizi start heyətdə görə biləcəyik?

- Bunu baş məşqçidən soruşsanız daha yaxşı olar. Öz üzərimdə çox işləyirəm. Komandamın əsas futbolçularından biri olmağa çalışacağam. İnanıram ki, mən bunu bacararam. Sxadadze bu yolda mənə dəstək olur.

 

- “İnter” 5 turdan sonra 10 xalla Topaz Premyer Liqasının turnir cədvəlinin II pilləsində qərarlaşıb. Bu yaxşı nəticədir?

- Daha yaxşı ola bilərdi. Bəzi oyunlarda lazımsız xallar itirməsəydik, indi çempionatın lideri biz idik. Amma çalışırıq ki, itirilən xallarımızı bərpa edək. “İnter” getdikcə daha yaxşı oyun göstərməyə başlayır. Hər şey yaxşı olacaq. Mövsümü birinci bitirə bilərik.

 

- Növbəti turda “Bakı” ilə qarşılaşacaqsınız. Rəqibin vəziyyətini nəzərə alsaq, sizin qalib gələcəyinizi demək olar?

- Heç zaman belə demək olmaz. “Bakı”nın gənclərdən ibarət yaxşı komandası var. İnanıram ki, maraqlı qarşılaşma olacaq. Amma biz 3 xalı qazanmaq istəyirik. Gücümüz var və bunu bacaracağıq.

 

Elsevər MƏMMƏDOV

0